Texniki Şuralar 142 müraciətə baxıb

Texniki Şuralar 142 müraciətə baxıb
  05 Sentyabr 2018    Oxunub:1793
2018-ci ilin avqust ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralara sahibkarlar tərəfindən 142 müraciət daxil olub.
Energetika Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, bunlardan 140 müraciətin icrası təmin olunub, 2 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra edilməyib. Bütün müraciətlər hazırda fəaliyyət göstərən 4 Texniki Şura - 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib və icra olunub.

Ümumilikdə 2018-ci ilin səkkiz ayı ərzində Energetika Nazirliyi tərəfindən Texniki Şuralar vasitəsilə 1431 müraciət qəbul edilib.

2018-ci ilin avqust ayı üzrə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 2282,95 kVt güc sifariş olunub və 508996,85 AZN qoşulma haqqı ödənilib.

Xatırladaq ki, Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli qərarına əsasən, may ayından etibarən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosesinin müəyyənləşdirilmiş məbləğlər əsasında həyata keçirilməsinə başlanılıb. Belə ki, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği təsdiq edilib. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində və ya istəyinə uyğun olaraq 12 gün müddətində qoşulmasına görə fərqli məbləğlərdə nəzərdə tutulub.

AzVision.az




Teqlər: Şikayət   Müraciət  





Xəbər lenti