Yeni vəkil qurumları təsis edilib

Yeni vəkil qurumları təsis edilib
  07 Sentyabr 2018    Oxunub:2071
Bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Qurumdan AzVision.az-a verilən xəbərə görə, iclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən son dövrlər Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verilib, habelə vəkil qurumları tərəfindən təqdim olunmuş növbətçilik cədvəlləri təsdiq edilib.

Daha sonra 700 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının hüquq fakültəsinə daxil olmuş I kurs tələbəsi Şahxanım Həsənovaya Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən təsis edilmiş “Əlimərdan bəy Topçubaşov” adına təqaüdün verilməsi barədə qərar qəbul olunub.

Bundan başqa, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Salyan rayonunda yeni vəkil bürosu, o cümlədən Bakı şəhərində 20 saylı və “LCG” vəkil bürolarının təsis olunması barədə məsələlərə baxılıb və bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar verilib.

Eyni zamanda başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərilməsi və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunub. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbinə əsasən, hüquq üzrə elmlər doktoru dərəcəsi olan şəxslərin Vəkillər Kollegiyasına vəkil andı içərək birbaşa qəbul olunması proseduruna uyğun olaraq, Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, tanınmış hüquqşünas, hüquq elmləri doktoru Firuzə Abbasova Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. Beləliklə, Vəkillər Kollegiyasının üzvləri sırasında hüquq elmləri doktorlarının sayı 7-ə çatıb.

Sonda Kollegiyanın fəaliyyətinə dair sair məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

AzVision.az


Teqlər: Vəkillər-Kollegiyası  





Xəbər lenti