Bakıda avtomatlaşdırılmış parklanma sistemi qurulacaq

Bakıda avtomatlaşdırılmış parklanma sistemi qurulacaq
  08 Sentyabr 2018    Oxunub:2742
Bakı Nəqliyyat Agentliyi (BNA) parklanma siyasətinə yenidən baxacaq.
BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, dayanıqlı proqram təminatına söykənən avtomatlaşdırılmış sistemin qurulması nəzərdə tutulub:
"Bu istiqamətdə həm sərnişindaşımaya, həm də paytaxt nəqliyyatına təsir edəcək siyasəti təkmilləşdirmək niyyətindəyik. Əsas məqsədimiz vətəndaşa müasir, keyfiyyətli və ən əsası şəffaflıq prinsiplərinə əsaslanan xidmətin göstərilməsidir".

M.Ağayevin sözlərinə görə, bəzi sürücülərin nəqliyyat vasitəsinin qadağan olunan yerdə, o cümlədən, səkidə, piyada keçidinin üzərində, fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulan pandusun qarşısında saxlaması təəssüf doğurur.

"Yol hərəkəti haqqında qanunun müvafiq tələbini pozan bu cür sürücülərə qarşı inzibati tədbirlər nəzərdə tutulub. Lakin müsbət nəticəyə nail olmaq üçün ilk öncə geniş maarifləndirmə işləri aparılmalıdır. Sürücülərə digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcədə diqqətli olmalarının vacibliyi izah edilməlidir".

Qurum rəsmisi qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi bu məqsədlə geniş maarifləndirmə tədbirləri həyata keçirməkdədir.

AzVision.az


Teqlər: BNA  





Xəbər lenti