Bakıda şadlıq saraylarının cərimələnməsinə başlanılıb

Bakıda şadlıq saraylarının cərimələnməsinə başlanılıb
  08 Sentyabr 2018    Oxunub:2601
Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evləri, restoranlar və ictimai iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosferə külli miqdarda tüstü və müxtəlif zərərli qaz qarışıqları atılır ki, bu da havanın lokal xarakterli çirklənməsinə, ətrafda yaşayan sakinlərin sağlamlığına zərər vurur, insanlarda diskomfort yaradır və əhalinin haqlı narazılığına səbəb olur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, nazirliyin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə vətəndaşlardan çoxlu şikayətlər daxil olub. Bununla bağlı Bakı şəhərinin inzibati rayonlarında yerləşən şadlıq evlərinin və digər ictimai iaşə obyektlərinin fəaliyyət göstərdiyi ətraf ərazilərində nazirliyin mütəxəssisləri tərəfindən monitorinqlər aparılıb, atmosferdən hava nümunələri götürülüb. Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələri göstərib ki, əksər restoranlarda atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə artıqdır.

"Tərəfimizdən ictimai iaşə obyektləri və şadlıq evlərinin sahiblərinə havaya atdıqları tüstü axınına və qoxuya görə xəbərdarlıq məktubları göndərilib, onlarla görüşlər keçirilib və müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması məqsədilə vaxt verilib. İctimai iaşə obyektlərinin sahiblərinə tərəfimizdən humanistlik göstərilərək təmizləyici qurğuların quraşdırılması üçün yenidən əlavə 15 gün vaxt verilib, sentyabrın 1-i həmin vaxt başa çatıb", - nazirlik rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, görüşlərdə iştirak etməyən, tövsiyə və tapşırıqlara məhəl qoymayan, qanunvericiliyin tələblərini pozan obyekt sahibləri barədə artıq sərt tədbirlərin görülməsinə başlanılıb.

"Görülən inzibati tədbirlərdən sonra eyni vəziyyət davam edərsə, nazirlik tərəfindən həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq. Məqsəd restoran və şadlıq evlərinin sahiblərini cərimələmək deyil, problemi aradan qaldırmaqdır. Əgər belə olsaydı, heç bir xəbərdarlıq olunmadan obyekt sahibləri ilk gündən qanunauyğun qaydada cərimə olunardılar".

AzVision.az


Teqlər: ETSN   Cərimə   Restoram  





Xəbər lenti