"Paşinyanın Qarabağ mövqeyi real siyasətdən uzaqdır"- Sabiq XİN rəhbəri

"Paşinyanın Qarabağ mövqeyi real siyasətdən uzaqdır"-  Sabiq XİN rəhbəri
  10 Sentyabr 2018    Oxunub:3929
Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada səfərdə olub. Paşinyan səfəri çərçivəsində gah Rusiyanı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib, gah da Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi görmək niyyətini açıqlayıb.
Paşinyanın Rusiya səfərini və orada verdiyi bəyanatları AzVision.az-a şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, bütün bunlar onun siyasətçi olmaması və siyasi təcrübəsizliyindən irəli gəlir:

“Bu səfər onu göstərir ki, Paşinyan təcrübəsiz siyasətçidir. Çünki hər bir siyasətçi xarici səfər edərkən, öz mövqeyini bəyan etmək və qarşı tərəfin mövqeyini eşidib, onu təhlil etmək kimi qarşısına iki məqsəd qoyur. Paşinyan Moskvaya gedəndə öz mövqeyini bəyan etdi və ona tövsiyə olunan məsələləri, Rusiyanın mövqeyini nəzərə almadı. Bu, qeyri-professional yanaşmadır. Söhbət ondan getmir ki, hər bir siyasətçi qarşı tərəfin mövqeyinin təsirinə düşsün. Kiçik ölkələr üçün çox vacibdir ki, bölgədə olan nüfuzlu dövlətlərin mövqeyini diqqətlə analiz etsin və öz siyasətində nəzərə alsın. Görünür, Nikol Paşinyan bu məntiqdən uzaqdır. İstisna etmirəm ki, Paşinyanın mövqeyi gələcəkdə Ermənistanı böyük problemlər qarşısında qoyacaq”.

Sabiq XİN rəhbəri vurğulayıb kİ, Paşinyanın Qarabağla bağlı mövqeyi real siyasətdən uzaqdır: “Nikol Paşinyan siyasətə meydandan gəlib. Onun xarici səfərlərdə məqsədi meydanda verdiyi bəyanatları təkrarlamaqdır. Guya ki, xalqın dəstəyi ilə belə bəyanatları təkrarlayır. Bu cür yanaşma real siyasətdən uzaqdır. Qarabağla bağlı bəyanatı da reallıqdan çox-çox uzaqdır. Çünki real siyasət ondan ibarətdir ki, siyasətçi real imkanları əsas göstürərək cəmiyyətə və ölkəyə hansısa təklifləri versin. Hesab etmirəm ki, Paşinyan meydan bəyanatlarını təkrarlamaqla hansısa uğura nail olacaq”.

T.Zülfüqarov qeyd edib ki, Paşinyanın bəyanatı ilə bəzi həqiqətlər ortaya çıxıb: “Azərbaycan cəmiyyətində çoxdan danışıqların heç bir nəticə vermədiyi, sadəcə imitasiya xarakteri daşıdığına dair rəy formalaşıb. Paşinyanın mövqeyi də sübutdur. Ermənistanın danışıqlardan uzaq olması, ona ciddi şəkildə yanaşmaması Azərbaycan ictimaiyyəti, rəhbərliyi üçün heç də yeni məlumat deyil. Hesab edirəm ki, bizim siyasətimiz çoxdan bu həqiqəti dərk etmə əsasında qurulub. Yəni həm müdafiə, həm xarici, həm də iqtisadi siyasətimiz və.s. Biz bunu çoxdan başa düşmüşük. Bizim siyasətimiz doğru üzərində qurulub”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Paşinyan   XİN   Qarabağ  





Xəbər lenti