Qaçqın icmaların üzvləri ilə görüş keçirilib

Qaçqın icmaların üzvləri ilə görüş keçirilib
  11 Sentyabr 2018    Oxunub:1530
21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə ölkəmizdə elan olunmuş “Sülh aylığı” çərçivəsində Azərbaycanda məskunlaşmış qaçqın icmalarının üzvləri ilə Dövlət Miqrasiya Xidmətində (DMX) görüş keçirilib.
DMX-dan AzVision.az-a verilən məlumata görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə qaçqın statusu almış şəxslərin inteqrasiyası və sosial müdafiəsi, onların hüquqlarının qorunması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə qaçqınların və sığınacaq axtaranların əsas hüquq və vəzifələrindən danışılıb. DMX-nın qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Aydan Seyidova Azərbaycanda bu həssas təbəqənin nümayəndələri ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib.



Planetin ayrı-ayrı bölgələrində sülhün və sabitliyin pozulması nəticəsində milyonlarla insanın məcburi miqrant həyatı yaşadığı təəssüflə qeyd edilib, bu gün dünyanın sülhə böyük ehtiyacının olduğu bildirilib.

Diqqətə çatdırılıb ki, ölkəmizdə bir milyondan çox qaçqının və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına, qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə hörmətlə yanaşır, götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir və başqa ölkələrdən olan sığınacaq axtaran şəxsləri qəbul edərək onlara ölkə ərazisində təhlükəsiz yaşamağa hər bir şərait yaradır. Azərbaycan BMT-nin Qaçqınların statusuna dair 1951-ci il Konvensiyasına və 1967-ci il Protokoluna qoşulub. Ötən dövrdə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi və sığınacaq sahəsində proseslərin tənzimlənməsi məqsədilə bir sıra qanunlar qəbul olunub və normativ hüquqi sənədlər təsdiq edilib.



Bildirilib ki, Azərbaycanda sığınacaq axtaran və qaçqın statusu almış şəxslərin, onların ailə üzvlərinin qanunla nəzərdə tutulmuş əsas imtiyazları təmin edilib. Dövlət Miqrasiya Xidmətinin qeydiyyatında olan qaçqınların, qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə müraciət etmiş şəxslərin, həmçinin BMT QAK-ın himayəsində olan şəxslərin və övladlarının respublikanın ümumtəhsil məktəblərində pulsuz və ali təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun təhsil almaq hüququ var. Sığınacaq axtaran və qaçqın statusu almış şəxslərin məşğulluğunun təmin edilməsi və onlara əmək bazarının tələbatlarına uyğun iş yerlərinin tapılması istiqamətində kömək göstərilməsi sahəsində müvafiq işlər həyata keçirilir. Qaçqınların sağlamlıqlarının qorunması və tibbi problemlərinin həlli ilə bağlı DMX tərəfindən zəruri tədbirlər görülür, həmçinin Səhiyyə Nazirliyi ilə birgə bu məsələlər diqqət mərkəzində saxlanılır.

Görüşdə qaçqınların əsas vəzifələri barədə məlumat verilib, icma üzvlərinin olduğu yer üzrə qeydiyyata alınma və miqrasiya sahəsində qanunvericiliyin tələblərinə riayət olunması məsələləri ilə bağlı sualları cavablandırılıb.

AzVision.az


Teqlər: DMX   Miqrasiya  





Xəbər lenti