Azay Quliyev Əfqanıstanla bağlı tədbirdə çıxış edib
ATƏT PA-nın vitse-prezidenti iştirakçıların diqqətini Əfqanıstanın 2003-cü ildən etibarən ATƏT və ATƏT-in Parlament Assambleyasının Əməkdaşlıq üzrə Asiya tərəfdaşlığına və ATƏT-ə üzv olan 3 ölkə ilə (Tacikistan, Türkmənistan və Özbəkistan) həmsərhəd olmasına çəkib. Qeyd edək ki, 2010-cu ildə Əfqanıstanla əlaqədar Assambleyada xüsusi müzakirə də aparılıb.
Azay Quliyev məruzəsində, həmçinin Mərkəzi Asiya ölkələri və Assambleyanın qarşılıqlı fəaliyyətinə toxunaraq bu ölkələrin deputatlarının Assambleyanın fəaliyyətlərində, o cümlədən seçki müşahidələrində fəal iştirak etdiklərini bildirib və ötən il ATƏT PA-nın o zamanki prezidenti xanım Kristine Muttonenin Daşkəndə səfəri də (10 ildən artıq müddət ərzində Assambleya prezidentinin Özbəkistana ilk səfəri) daxil olmaqla son zamanlarda əməkdaşlığa dair bir sıra müsbət tendensiyanın olduğunu vurğulayıb.
Azay Quliyev, həmçinin təşkil edilmiş xüsusi qruplar, xüsusi nümayəndələr və Assambleyanın Əfqanıstanla əlaqədar qəbul etdiyi qətnamələr haqqında da məlumat verib. O deyib ki, Əfqanıstan 2009-cu ildən etibarən ATƏT PA-nın bir sıra iclaslarında iştirak edir. ATƏT 2007-ci ildə Əfqanıstana sərhəd təhlükəsizliyi, polis əməkdaşlarının treninqləri və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində yardım göstərib. 2011-ci ildən etibarən isə Əfqanıstanla siyasi və hərbi əməkdaşlıqla yanaşı, insan ölçüsü, iqtisadi və ekoloji aspektləri də əhatə etmək barədə razılığa gəlinib.
ATƏT PA-nın vitse-prezidenti çıxışının sonunda bildirib ki, ATƏT-in bütün üzvləri ortaq coğrafi mövqe və tarixə, eləcə də möhkəm mədəni əlaqələrə, sülh, davamlı inkişaf, sabitlik və təhlükəsizlik məqsədləri istiqamətində qarşılıqlı faydaya əsaslanan birgə layihələrin həyata keçirilməsi üçün böyük iqtisadi potensiala malik olan Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü əməkdaşlıq və inteqrasiyanın təşviqinə dəstəyini davam etdirməyə hazırdır.
Azay Quliyev, həmçinin Daşkənd şəhərində Özbəkistan parlamentinin rəhbərliyi ilə görüş keçirərək ATƏT PA-Özbəkistan əməkdaşlığının perspektivləri haqqında müzakirələr aparıb.
AzVision.az
Teqlər: Azay-Quliyev Əfqanıstan