38 ildən sonra Bakıda keçirilən konfrans - FOTOLAR

38 ildən sonra Bakıda keçirilən konfrans - FOTOLAR
  14 Sentyabr 2018    Oxunub:3644
Bakıda Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının (IFAC) dəstəklədiyi Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik üzrə 18-ci beynəlxalq elmi konfrans (TECIS 2018) öz işinə başlayıb.
“Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” İctimai Birliyinin və Avstriyanın Vyana Texnologiyalar Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransın açılışında dövlət və hökumət rəsmiləri, elm və təhsil müəssisələrinin, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, xarici və yerli alimlər, tədqiqatçılar iştirak ediblər.



Tədbirdə “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” İctimai Birliyinin və konfransın təşkilat komitəsinin sədri, texnika üzrə fəlsəfə doktoru Bahadur İbrahimov IFAC-ın yaranma tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, 1957-ci il sentyabrın 12-də Parisdə təsis olunan IFAC 1978-ci ildən Avstriya hökumətinin dəvəti və dəstəyi ilə fəaliyyətini bu ölkənin Laksenburq şəhərində davam etdirir. Belə ki, 49 ölkənin avtomatlaşdırılmış idarəetmə və mühəndislik üzrə təşkilatlarını özündə birləşdirən IFAC il ərzində onlarla beynəlxalq tədbir keçirir. Hazırda bu qurum robotikanın əsasını təşkil edən avtomatlaşdırma və nəzarət mexanizmləri üzrə dünyada ən nüfuzlu təşkilat hesab olunur.



B.İbrahimov diqqətə çatdırıb ki, konfransda IFAC-ın TECIS texniki komitəsinin 35 illik yubileyi qeyd olunur. IFAC-ın Bakıda ilk və son toplantısı 1980-ci ilin aprelində ümummilli lider Heydər Əliyevin dəstəyi ilə keçirilib. Paytaxtımızda 38 ildən sonra yenidən təşkil olunan bu nüfuzlu konfransda beynəlxalq rəyçilər tərəfindən seçilmiş 170 məqalə 9 plenar sessiyada təqdim ediləcək. B.İbrahimov deyib: “Konfransda iştirak üçün 370-dən çox alimin həmmüəllifi olduğu 200 məqalə toplanılıb. Bu məqalələrin əksəriyyəti robotika, avtomatlaşdırma, humanoid robotlar, mexatronika və s. kimi müasir dövr üçün önəmli sayılan sahələri əhatə edir. Həmmüəlliflər 30-dan çox ölkəni, o cümlədən Azərbaycan, Avstriya, Almaniya, İsveçrə, Rusiya, Türkiyə, Küveyt, Macarıstan, İtaliya, Fransa, İrlandiya, İngiltərə və digər dövlətləri təmsil edirlər. Azərbaycanlı alimlər konfransa 50-yə yaxın məqalə göndəriblər. Dünyanın müxtəlif ölkələrindən olan onlarla elm adamı konfransda elmi məqalələrini bölüşməklə yanaşı, həm turistik bölgələrimizi ziyarət edəcək, həm də texniki turlar vasitəsilə ölkənin texnoloji mərkəzləri ilə yaxından tanış olacaqlar.



Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə IFAC-ın müxtəlif-texniki, bioloji, sosial, iqtisadi və digər sahələrdə avtomatik idarəetmənin tətbiqində və bu sahənin inkişafında mühüm rol oynadığını bildirib. Diqqətə çatdırılıb ki, belə bir nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin elmi ictimaiyyəti üçün mühüm hadisədir. Nazir deyib: “Konfrans ölkələrimiz arasında elmi əlaqələri genişləndirməyə, qarşılıqlı faydalı məsələlər barədə fikir mübadiləsi aparmağa, əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməyə və avtomatik idarəetmə sahəsində yenilikləri bölüşməyə imkan verəcək”.

Elm və texnologiyaların hər bir ölkənin sosial-iqtisadi inkişafında aparıcı rol oynadığını bildirən nazir diqqətə çatdırıb ki, bu gün dünyada davamlı və dayanıqlı inkişafla bağlı ən qlobal təşəbbüslər İKT, yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. Artıq dövlətlərin iqtisadi üstünlüyü də məhz elm və texnologiyalara yiyələnmə, onları mənimsəmə gücünə əsaslanır. Baxmayaraq ki, Azərbaycan əsasən neft ölkəsi kimi tanınır, ancaq ölkəmizdə elmin, təhsilin və texnologiyaların inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindədir. Son illər Azərbaycanda bu istiqamətdə ciddi addımlar atılıb. Belə ki, 350 tələbə dünyanın informasiya texnologiyaları üzrə tanınmış universitetlərinə dövlət hesabına oxumağa göndərilib.



Ramin Quluzadə vurğulayıb ki, ölkəmizdə elm və texnologiyaların inkişafına dəstək verən bir sıra fondlar fəaliyyət göstərir. Onlardan Elmin İnkişafı Fondunu, İKT-nin İnkişafı Fondunu misal göstərmək olar. Həmçinin Azərbaycanda elmi nəticələrin kommersiyalaşdırılması üçün texnoloji parklar fəaliyyət göstərir. Bu parklarda yeddi il müddətinə vergi, eləcə də gömrük güzəştləri tətbiq olunur.

Konfransın işinə uğurlar arzulayan IFAC-ın prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti, Ştutqart Universitetinin professoru Frank Allgover rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Vurğulanıb ki, IFAC Azərbaycanın elmi müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır. “TECIS 2018”in Bakıda təşkilindən məmnunluğunu bildirən F.Allgover diqqətə çatdırıb ki, Azərbaycanın konfransa ikinci dəfə ev sahibliyi etməsi əlamətdar haldır. Tədbir iştirakçı alimlərin öz potensiallarını nümayiş etdirmələri baxımından önəmli platformadır. Bu konfransdan gözləntilərimiz böyükdür.



Vyana Texnologiya Universitetinin professoru Peter Kopacek, Vaterford Texnologiya İnstitutunun professoru Larri Stapleton və Təhsil Nazirliyinin sektor müdiri Anar Kazımov çıxış edərək avtomatika və robotika sahəsində tanınmış alimlərinin tədbirdə iştirakları baxımından konfransın əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, bu cür nüfuzlu konfransın Bakıda təşkili azərbaycanlı alimlər üçün böyük imkanlar açacaq.

Alimlər “TECIS 2018”in - avtomatik idarəetmənin texnika, iqtisadiyyat, robotika, tibb, sosial həyat və siyasət ilə əlaqəsini əks etdirən tədbirin dünya elminə töhfə verəcəyinə əminliklərini bildiriblər.

Sonra konfrans işini “Kiçik və orta sahibkarlıq üzrə avtomatlaşdırma”, “Mexatronik sistemlər və robotlar”, “Bio-tibbi sistemlər”, “Avtomatlaşdırma və nəzarət mexanizmləri”, “Humanoid robotlar” və digər mövzularda sessiyalar üzrə davam etdirib.

Beynəlxalq konfrans sentyabrın 15-dək davam edəcək.

Qeyd edək ki, tədbirin təşkilində Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Limanı, xarici ölkələrdəki səfirliklərimiz, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Avstriya QHT-ləri və ali təhsil ocaqları dəstək göstəriblər.

AzVision.az


Teqlər: Konfrans   Bakı  





Xəbər lenti