Səməd Seyidov: “Paşinyan hökuməti nüfuzdan düşüb”

  14 Sentyabr 2018    Oxunub : 826
Səməd Seyidov: “Paşinyan hökuməti nüfuzdan düşüb”
“Cənubi Qafqaz regionu vacib və əhəmiyyətli dövrünü yaşayır. Ermənistanın məsuliyyətsiz rəhbərliyinin bəyanatlarını nəzərə alsaq, bu fikirə gəlmək olar”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı mövcud nümayəndə heyətinin tərkibi dəyişir, çünki əsas heyət əvvəlki hakimiyyətin dövründə formalaşdırılıb: “Həmin deputatlar da çalışırlar ki hansısa formada ölkənin rəhbəri Nikol Paşinyanın müəyyən edəcəyi tərkibdə təmsil olunsunlar. Ona görə də Paşinyanın Dağlıq Qarabağla bağlı demək istədiyi və dediyi sözləri təkrar edirlər. Bu da gülünc bir vəziyyətə gətirib çıxarır. Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verib, sənədin içərisində tamamilə məntiqsiz ifadələr mövcuddur”.

S.Seyidov qeyd edib ki, Ermənistan daxilində gedən proseslər başqa müstəviyə keçib, onlar bir-birilə mübarizəyə başlayıblar. Komitə sədri əlavə edib ki, bütün dünya, o cümlədən Avropa Şurasının özü də Dağlıq Qarabağın Azərbaycana aid olması ilə bağlı konkret qətnəmələri qəbul ediblər, heç kəs bunu inkar edə bilməz.

O vurğulayıb ki, ki, Paşinyan hökuməti nüfuzdan düşüb, bir qədər sonra onun yalnız regionda deyil, dünyada və beynəlxalq səviyyədə nüfuzdan düşəcəyinin canlı şahidi olacağıq.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Paşinyan   Səməd-Seyidov