Naxçıvandan müalicə üçün İsveçə getdi, orada bələdiyyə üzvü seçildi - MÜSAHİBƏ (FOTOLAR)

  14 Sentyabr 2018    Oxunub : 32006
Naxçıvandan müalicə üçün İsveçə getdi, orada bələdiyyə üzvü seçildi - MÜSAHİBƏ (FOTOLAR)
Xəbər verdiyimiz kimi, İsveçdə yaşayan azərbaycanlı Turan Əliyev “Mərkəz” Partiyasından Partille bələdiyyə məclisinə üzv seçilib.
Məlumat üçün bildirək ki, Turan Əliyev bir ildir partiyada fəaliyyət göstərir. Hazırda bələdiyyədə partiyanın idarə heyətinin üzvüdür. Seçkilərdə yüksək səs çoxluğu ilə seçildiyi üçün bələdiyyədə və İsveçin ən böyük əyalətində komissiya və idarələrdə partiyanı təmsil edəcək. Qürurverici məqam odur ki, partiyanın 12 nəfərlik namizədlərindən yalnız Turan Əliyev bir əcnəbi kimi seçkilərə gedib.



İsveçdə ölkəmizi təmsil edən Turan Əliyev AzVision.az-ın suallarını cavablandırıb:

- Necə oldu ki, İsveçə getdiniz? Səbəb nədir?

- 1983-cü ildə Naxçıvanda ziyali ailəsində anadan olmuşam, anam və atam müəllimdir. Naxçıvan Dövlət Universitetinin Yol hərəkətinin təşkili və istismarı fakültəsində oxumuşam. Ali təhsilim bitdikdən sonra sağlamlığımla əlaqədar İsveçə gəldim. Böyrək çatışmazlığından əziyyət çəkirəm. Hazırda müalicəm davam edir. Daha sonra burada qalmaq qərarına gəldim. Artıq 14 ilə yaxındır burdayam. 2012-ci ildə ailə həyatı qurdum. İki övladım var, biri 3, digəri 2 yaşındadır. Həyat yoldaşım azərbaycanlıdır və bələdiyədə həftədə bir dəfə Azərbaycan dili dərsi deyir.



- Bundan öncə nə işlə məşğul olmusunuz?

- Naxçıvanda anadan olduğum üçün uşaq vaxtlarından siyasətə maraq göstərmişəm. Balaca vaxtlarımdan demək olar ki, siyasi söhbətlərin içərisində böyümüşəm. İsveçə gələndən sonra diaspora məsələlərində fəal olmuşam. Ondan sonra qərara gəldim ki, aktiv fəaliyyətə başlayım. 2017-ci ildə “Mərkəz” Partiyasına üzv oldum, 2018-ci ildə bələdiyəmizdə idarə heyətinin üzvü seçildim, elə həmin ildə həm bələdiyyəyə, həm əyalətə, həm də parlamentə namizədliyim verildi.



- Seçkilərdə iştirak etməyə necə qərar verdiniz? Seçiləcəyinizə əmin idinizmi?

- Seçkilərə qatılmağımın əsas səbəbi millətçiliyin İsveçdə artması oldu. Başqa səbəblər də var, amma əsası millətçiliyin artması ilə bağlıdır. Hesab edirdim ki, mən bələdiyyə məclisində mandat və yaxud əvəzedici postu qazansam, ən azından məclisdə bir üzv daha millətçiliyə qarşı mubarizə aparacaq. Bir də inteqrasiya məsələsində təcrübəm olduğu üçün bələdiyyədə faydalı işlər görə biləcəyimə inandığımdan seçkiyə qatıldım. Seçiləcəyimə inanmırdım, ən yaxşı halda əvəzedici kimi seçiləcəyimə ümid edirdim, amma tam gücümlə mübarizəyə başladım. İnanmamağıma səbəb var. Belə ki, 50 ildən çoxdur bizim bələdiyyədə “Mərkəz” Partiyasının sadəcə iki mandatı olub.

Partiyanın 12 namizədi arasında siyahıda 3-cü namizəd olduğum üçün şansım çox az idi. Həmçinin partiyanın bələdiyyədə olan 12 namizədindən yalnız mən qeyri-isvecli kimi (əcnəbi) seckilərə qatılmışam. Daha çox təbliğat işləri aparmağa qərar verdim, əsasən sosial mediada, lokal yerli mediada kampaniyaları artırdım. Bu da öz nəticəsini verdi, topladığım səs çoxluğuna görə 12 nəfər arasında 2-ci yerdə oldum. Əziyyətimiz hədər getmədi. Partiyamız 5 mandat və 5 əvəzedici ilə bələdiyyə məclisində təmsil olunacaq. Keçən il 3,7 faiz, bu il isə 8,7 faiz səs topladıq. Mənimlə bərabər partiyada bir neçə azərbaycanlı soydaşımız da fəaliyyət göstərir. Onların da köməyini qeyd etmək istərdim.



- Bundan sonra bələdiyyə üzvü kimi hansı işləri görəcəksiniz?

- Bələdiyyələrdə idarələr var. Mən seçdiyim idarə mədəniyyət sahəsi üzrədir. Başqa idarələr də var, hələ ki bu postların bölünməsində partiyalar arasında danışıqlar gedir. Seçdiyim idarədə inteqrasiyaya dair işlərə üstünlük vermək arzusundayam. Əsasən inteqrasiya, işsizlik, İsveçdə doğulan gəlmələrlə xaricdən gələn gəlmələr arasında işsizlik faizinin aşağı salınmasına dair işlər görmək istəyirik. Hesab edirəm ki, inteqrasiya sürətlənsə, daha çox fəal olarıq, yeni nailiyyətlər əldə edərik.



- Seçildiyiniz ərazidə azərbaycanlılar yaşayır?

- Mən seçildiyim ərazidə 19 seçki məntəqəsi var. Burada 4 azərbaycanlı ailə yaşayır. Bizim komun gəlmələrin ən az olduğu bələdiyyə sayılır.

- Reallaşdırmaq istədiyiniz hansı planlarınız var ?

- Bələdiyyəmizdə Azərbaycan dili dərsi həftədə bir gün keçirilir. Niyyətimiz var ki, bacardığımız qədər İsveçin siyasi mühitinə daxil olsaq da, öz mədəniyyətimizi qoruyub saxlayaq. Bu sahədə istərdim fəal olaq və öz mədəniyyətimizi unutdurmayaq.



- İsveçdə gəlmələrlə bağlı problemlər yaşanırmı? Çünki gəlmələrin ölkədən çıxarılacağı deyilirdi?

- Hazırda hökümət qurulmayıb. Partiyalar arasında koalisiya hökumətinin qurulması üçün danışıqlar gedir. Gəlmələrin ölkədən çıxarılması təxribatdır. İnanmıram ki, İsveç kimi demokratik ölkədə belə şeylər baş versin. Sadəcə seçkiqabağı məlumat yaydılar. Problemlərin çoxluğunu gəlmələrlə əlaqələndirirlər. Əgər gəlmələrin inteqrasiyası sürətli olsa, inanmıram ki, onlar qabağa getsinlər. Bir miqrantın 8 ildən sonra işləməyə başladığı bildirilir. Bizim məqsədimiz odur ki, 8 ili ən azı yarıya qədər endirək.







Aytən Zəhra
AzVision.az

Teqlər: Turan-Əliyev