"Biz müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik" - Prezident

"Biz müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik" - Prezident
  14 Sentyabr 2018    Oxunub:1787
“Bu gün Azərbaycanın dünyadakı rolu, əhəmiyyəti artır. Bölgədə Azərbaycanın iştrakı olmadan heç bir layihə icra edilə bilməz. Yaşadığımız regionda bizim siyasətimizdən, qərarımızdan çox şey asılıdır”.
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində məktəbin bir qrup müəllim və şagirdi ilə görüşü zamanı deyib.

Dövlət başçısı əlavə edib ki, Azərbaycana təsir etmək istəyən xarici qüvvələrin sayı az deyil: “Azərbaycan vətəndaşları bunu bilirlər. Ancaq bizim çox güclü siyasi iradəmiz qoymur ki, Azərbaycanı hansısa bir avantüralara çəksinlər və yaxud bizim milli maraqlarımıza uyğun olmayan təşəbbüslərə bizi çəksinlər. Ona görə ki, bizim çox güclü siyasi iradəmiz, iqtisadi potensialımız var. Biz müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik. Hesab edirəm ki, prezident kimi fəaliyyətim dövründə bu əsas nəticələrdən biridir ki, bu gün Azərbaycan tam müstəqil, milli maraqlar və ənənəvi dəyərlər üzərində qurulan siyasət aparır”.

Prezident qeyd edib ki, gənclər milli ruhda tərbiyə almalı, vətəninə bağlı, bilikli və savadlı olmalıdır: “Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaq, Azərbaycan daim müstəqil siyasət aparacaq. Çünki, bizim siyasətimiz həyatda öz əksini tapıb. Dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar, müharibələr, iqtisadi-sosial böhranlar, inqilablar geniş vüsət alıb. Getdikcə təhlükə mənbələr artır, narahatedici məqamlar üzə çıxır. Ancaq Azərbaycan sabitlik məkanıdır. Azərbaycanda insanlar sülh, təhlükəsizlik, əminamanlıq şəraitində yaşayır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti