Prezident müəllimlərlə söhbət edib: “Vətəndaşlara müraciət etmək istəyirəm”

Prezident müəllimlərlə söhbət edib: “Vətəndaşlara müraciət etmək istəyirəm”
  14 Sentyabr 2018    Oxunub:2957
Xəbər verdiyimiz kimi, bu gün Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlət başçısı müəllimlərlə söhbət edib.

AzVision.az prezidentin müəllimlərlə söhbətini təqdim edir:

Müəllimə Arizə Mahmudova: Cənab Prezident, Sizi salamlayırıq, “Xoş gəlmisiniz!” deyirik. Tikilən bu möhtəşəm bina bizim narahatlığımıza son qoydu. Buna görə də Sizə dərindən minnətdarıq, Allah Sizi var eləsin!

Prezident İlham Əliyev: Çox sağ olun. Burada neçə müəllim işləyir?

Direktor Qənirə Əmircanova: 70 müəllim fəaliyyət göstərəcək. 960 nəfərlik şagird heyəti nəzərdə tutulub. İnşallah, çox yaxın müddət ərzində məktəb fəaliyyətə başlayacaq.

Prezident İlham Əliyev: Bəli, mütləq. Müəllimlər başqa məktəblərdən gəliblər.

Qənirə Əmircanova: Bəli, nümunəvi məktəblərdən seçiləcək. Çünki bu cür məktəbdə elə müəllimlər işləməlidirlər ki, həqiqətən layiqli olsunlar.

Prezident İlham Əliyev: Təhsilin səviyyəsi yüksək olmalıdır. Uşaqlar da gedib Maştağa qəsəbəsində oxuyurdular.

Qənirə Əmircanova: Bəli, kənar yerdə oxuyurdular.

Prezident İlham Əliyev: Məsafə də uzaqdır. Hər gün get-gəl çətinlik yaradırdı. Savalan yaşayış massivində son illər əhali artıb.

Qənirə Əmircanov: Bəli, 30 minə yaxınlaşıb, 25 mindən artıqdır.

Prezident İlham Əliyev: Yəqin ki, gələcəkdə bir məktəbin tikintisinə də ehtiyac olacaq.

Qənirə Əmircanov: Bizim orada sahəmiz də var. Planlaşdırılır, hərtərəfli perspektiv düşünülüb, ehtiyac olarsa tikilər. Bütün sakinlər adından Sizə sonsuz dərəcədə minnətdarıq.

Prezident İlham Əliyev: Yaxşı ki, siz bu məsələni qaldırdınız. Mənə məlumat çatan kimi dərhal göstəriş verdim ki, tezliklə məktəb tikilsin. Bu, bir daha onu göstərir ki, bu məsələlər gərək ictimaiyyət tərəfindən qaldırılsın. Mən dəfələrlə çıxışlarımda demişəm ki, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır. Çünki ölkəmizdə hələ də bizi narahat edən məsələlər kifayət qədər var və onları həll etmək üçün gərək bizdə məlumat olsun. İctimai nəzarət, ictimaiyyətin fəallığı olmadan bəzi hallarda bu məlumat da bizə çatmır. Ona görə bir daha bu fürsətdən istifadə edərək Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm. Öz xahişlərini, onları narahat edən məsələləri çatdırsınlar ki, biz də onları həll edək.

Qənirə Əmircanova: Biz də çox sevinirik ki, Siz buna dərhal reaksiya verirsiniz. Yəni, bunu arxa plana keçirmirsiniz. Elə bil ki, bu, Sizin stolunuzun üstündə gündəlik bir məsələdir. Bu, sakinləri, bütün xalqı, bütün milləti çox sevindirir.

Prezident İlham Əliyev: Belə də olmalıdır. Mənim işim elə bundan, mövcud olan problemləri həll etməkdən ibarətdir ki, insanları narahat edən məsələlər aradan götürülsün. İnsanlar daha da yaxşı, rahat yaşasınlar və daha da çox iş görə bilək. Ona görə hesab edirəm ki, bu məktəbin tikintisi belə gözəl təşəbbüsün təzahürüdür. Vətəndaşlar müraciət ediblər, biz isə tezliklə göstəriş verib bunu təşkil etmişik və bu gün burada yeni dərs ili ərəfəsində bərabər sevinirik.

Qənirə Əmircanova: Siz bizim sevincimizə qatıldığınız, bizimlə bərabər sevindiyiniz üçün biz ikiqat sevinirik.

Prezident İlham Əliyev: Bilirsiniz, mən qeyd etdim ki, bu il Bakı şəhərində 19 məktəb istifadəyə verilib. Bəziləri tikilib, bəziləri əsaslı təmir edilib. Adətən yeni dərs ili ərəfəsində mən məktəblərin vəziyyəti ilə tanış oluram. Əvvəlki illərdə adətən bir məktəb seçilirdi ki, biz bu məktəbdə öz sözümüzü deyək. Bu il mən xüsusilə bu məktəbi seçdim. Çünki bu məktəbin çox özəl yeri var, bax, dediyim bu məsələlərə görə. Ona görə bir daha sizi təbrik edirəm.

AzVision.az



Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti