İran səfirliyinin mətbuat katibi jurnalistlərlə görüşüb

İran səfirliyinin mətbuat katibi jurnalistlərlə görüşüb
  14 Sentyabr 2018    Oxunub:1910
Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi ilə görüş keçirilib.
Şuradan AzVision.az-a verilən məlumata görə, M.Nəcəfinin ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatmasına həsr olunmuş toplantıda İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, İran və Azərbaycan dövlətləri arasındakı münasibətlər olduqca dinamik xarakter daşıyır və bütün sahələri əhatə edir: “Sevindirici haldır ki, son dövrlər hər iki ölkənin media qurumlarının da çox yaxın təmasları formalaşıb. Bu prosesdə İranın Azərbaycandakı səfirliyinin böyük rolu var. Azərbaycandakı diplomatik missiyası başa çatmış Məhəmmədrza Nəcəfinin fəaliyyətini məhz bu xüsusda dəyərləndirmək istərdim. Mən Tehrana səfərimi xatırlayıram. Orada Mətbuat Şurasının sədri kimi çox vacib görüşlər keçirdim. Ən əsası isə Şura ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında əməkdaşlıq memorandumu imzalandı. Sənədin ərsəyə gəlməsində səfir Cavad Cahangirzadə nə qədər təşəbbüskar olmuş, əmək sərf etmişdisə, memorundumun məziyyətlərini daşıyan məhz cənab Nəcəfi idi. Düşünürəm ki, əldə etdiyimiz razılaşma Azərbaycanın və İranın media qurumları arasındakı əməkdaşlığın dərinləşməsi üçün son dərəcə mühüm platformadır. Orada qarşılıqlı jurnalist səfərlərinin təşkilindən, birgə konfransların keçirilməsindən tutmuş təcrübə mübadiləsi imkanlarının genişləndirilməsinədək bir çox vacib məqamlar nəzərdə tutulub”.

Ə.Amaşov M.Nəcəfini rəhbərlik etdiyi qurumun fəxri diplomu ilə təltif edib. Həmçinin diplomata Şuranın xatirə hədiyyəsi təqdim olunub.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri C.Cahangirzadə də çıxışında İran-Azərbaycan münasibətlərinin inkişaf meyillərindən söz açıb və mövcud istiqamətdə son dövrlər nəzərə çarpan müsbət meyilləri vurğulayıb. Dünyada medianın oynadığı roldan söz açan səfir Azərbaycanın kütləvi informasiya vasitələrini milli maraqlara xidmət edən ictimai institut kimi dəyərləndirib. O bildirib ki, Azərbaycanın və İranın milli maraqlarının qayəsində hər iki ölkə xalqlarının mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətlərinin qorunması və möhkəmlənməsi, onların qarşılıqlı mənfəəti dayanır.

İranın təhlükəsizliyinin Azərbaycanın, Azərbaycanın təhlükəsizliyinin isə İranın təhlükəsizliyi olduğuna dair hər iki ölkənin dövlət başçılarının görüşündə səslənmiş fikri dilə gətirən səfir, eyni zamanda toplantı iştirakçılarına İranın Azərbaycandakı səfirliyinə yeni təyin olunmuş mətbuat katibi Seyidəli Musəvini təqdim edib, yeni mətbuat katibinin üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirəcəyinə əminliyini vurğulayıb.

Digər çıxış edənlər İran və Azərbaycan xalqları arasındakı tarixi dostluq, qardaşlıq əlaqələrinin inkişafında medianın rolunun müxtəlif məqamlarına toxunublar. Onlar bildiriblər ki, İranın Azərbaycandakı səfirliyinin və Mətbuat Şurasının son illər genişlənməkdə olan qarşılıqlı əlaqələri, bu xüsusda Azərbaycanın və İranın media orqanları nümayəndələrinin qarşılıqlı səfərləri başlanılmış müştərək işin davamlılığı üçün mühüm təminatdır.

Sonda çıxış edən M.Nəcəfi toplantı iştirakçılarına təşəkkürünü bildirib. O, İranın və Azərbaycanın media qurumları arasındakı münasibətlərin inkişafının günün tələbi olduğunu vurğulayıb və yeni mətbuat katibi S.Musəvinin bu istiqamətdə başlanılmış işi məharətlə davam etdirəcəyinə əmin olduğunu deyib.

AzVision.az


Teqlər: İran   KİV  





Xəbər lenti