“Beynəlxalq Sahilyanı Təmizlik Günü” qeyd olunub

“Beynəlxalq Sahilyanı Təmizlik Günü” qeyd olunub
  15 Sentyabr 2018    Oxunub:3304
“Beynəlxalq Sahilyanı Təmizlik Günü” ilə əlaqədar Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, EkoSfera Sosial-Ekoloji Mərkəzinin dəstəyi ilə Xəzər dənizinin Novxanı sahilinin bir hissəsində iməcilik keçirib.
Aksiyada Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının, Ekologiya və Təbii Sərvətlər Nazirliyi-nin əməkdaşları və ictimaiyyət nümayəndələrindən ibarət 300-dək könüllü iştirak edib.

“Dünyamızı tək təmizləməklə deyil, həm də zibilləməməklə çirklənmədən qorumaq üçün hər kəsi bizə qoşulmağa çağırırıq” devizi ilə keçirilən iməcilikdə 5 hektardan artıq sahil zolağı plastik tullantılardan təmizlənib. ETSN tərəfindən belə maarifləndirici aksiyalar digər Xəzər sahili zonalarda da təşkil edilib.

Qeyd edək ki, Avropa İttifaqının dünyanın 40 ölkəsindəki nümayəndiliyi də “Beynəlxalq Sahilyanı Təmizlik Günü”nü plastik tullantıları təmizləməklə qeyd edib.

Avropalı mütəxəssislərin hesablamalarına görə, Avropa İttifaqına daxil olan ölkələrdə sahilyanı ərazilərin 80-85 faizi plastik tullantılarla zibillənib və hər il təxminən 8 milyondan çox plastik məmulat dənizə atılır. Tullantıların isə təxminən 95 faizi dənizin dibinə çökür, fauna və floraya zərər vurur. Dəniz plastik tullantının yalnız 5 faizini sahilə çıxarır.

AzVision.az


Teqlər:





Xəbər lenti