"Bakıda keçirilən parad qardaşlıq gücünün nümayişidir" - Türkiyəli polkovnik

  16 Sentyabr 2018    Oxunub : 1509
"Bakıda keçirilən parad qardaşlıq gücünün nümayişidir" - Türkiyəli polkovnik
Sentyabrın 15-də Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən təntənəli paradın ümumi mahiyyəti birlik və qardaşlıq gücünün nümayişidir.
AzVision.az xəbər verir ki, bu fikirləri AzərTAc-a müsahibəsində türkiyəli hərbi ekspert, sosial elmlər üzrə doktor, ehtiyatda olan polkovnik Eray Guçlüer deyib.

Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi inkişaf modeli iki qardaş ölkənin eyni yüksəlişlə irəli getməsini təmin edib. Əhalinin sosial rifahının təmin olunması, ölkədə müasir həyat tərzinin qurulması, ümumdaxili məhsulun həcminin artması və s. elementlərin inkişafın əsas göstəriciləri olduğunu qeyd edən ekspert fikirlərini belə davam etdirib: “Bütün bu göstəricilərdən daha irəlidə olanı isə ölkənin və xalqın təhlükəsizliyinin təmin olunmasıdır ki, bunun ana sütununu qüvvətli ordu təşkil edir. Azərbaycan ordusu bütün parametrləri ilə dinamik inkişafdadır. Paradda göstərilənlər bunun yalnız görünən tərəfidir”.

Eray Guçlüer bildirib ki, Bakıda keçirilən paradda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birlikdə olması yalnız hərbi güc nümayişi deyil. Eyni zamanda xalqlarımızın sifarişi ilə qəbul olunmuş tarixi qərarların mənəvi göstəricisidir.

Qafqaz İslam Ordusunun tarixi rəşadətinin hər zaman xoş sözlərlə xatırlanacağını qeyd edin ekspert fikirlərini belə tamamlayıb: “Unutmamalıyıq ki, düşmən 100 il əvvəl olduğu kimi indi də məkrli, hiyləgər, zalım və qəddardır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın paraddakı çıxışlarında səsləndirilən fikirlər hər bir azərbaycanlı və türkiyəli üçün örnək olmalıdır. İnkişaf, sabitlik və güc işıqlı gələcəyimizin yeganə təminatıdır”.

AzVision.az

Teqlər: