Komitə təsdiqlədi: Məktəbdə qanunsuz dini mərasim keçirilib

  18 Sentyabr 2018    Oxunub : 1770
Komitə təsdiqlədi: Məktəbdə qanunsuz dini mərasim keçirilib
Mingəçevirin Noel Ahəngarı adına 13 saylı orta məktəbində Məhərrəmlik ayı ilə bağlı tədbir təşkil olunub. Belə ki, sentyabrın 6-da məktəbdə Mingəçevir məscidinin axundunun müavini Cavid Ələmdarın rəhbərliyi altında “Məhərrəm ayının gəlişi, İmam Hüseyn ağanın şəhid olmasının səbəbləri, matəmin mənası” mövzusunda müəllim və valideynlərə mühazirə oxunub. Bu barədə şəxs sosial şəbəkədə məlumat yayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov AzVision.az-a açıqlamasında faktı təsdiq edib. Bildirib ki, din xadimlərinin məktəblərdə maarifləndirmə aparmasına nə icazə var, nə də göstəriş: “Yeganə hal həmin məktəbdə olub. Sosial şəbəkələrdə işıqlandırılıb. Bu da məktəb direktorunun başa düşməməsi səbəbindən olub. Onlar bunu maarifləndirmək baxımından ediblər, amma özbaşınalıqdır. Bu barədə rayon rəhbərliyinin də xəbəri yox idi, bizim də”.

S.Heydərov qeyd edib ki, din xadimləri məscidlər, hər hansı dini mərasim, icmaların özlərinin mövqeyindən təbliğat apara bilərlər: “Onların qarşısında duran vəzifə budur. Lakin din xadimlərinə ümumtəhsil məktəblərinə və ya ali təhsil ocaqlarına gedib, orada təbliğat aparmaq tövsiyyə edilmir. Dövlət qurumları, təhsil ocaqları ilə dini maarifləndirmə işlərini komitə olaraq biz, ilahiyyatçılar həyata keçirir. Din xadimlərinə bildirilir ki, imkan olduqca yerlərdə insanlarla görüşsünlər, Məhərrəmliyin, Kərbala hadisələrini mahiyyətini anlatsınlar. Ancaq onların məktəblərdə valideynlər və müəllimlərlə görüşməsi barədə göstəriş olmayıb. Bununla bağlı icra başçısının səlahiyyətlərini icra edən İlham İsmayılov tərəfindən məktəb direktoru və təhsil şöbəsinin müdirinə irad bildirilib. Təhsil şöbəsi də məsələni araşdırıb”.



Komitə rəsmisi qeyd edib ki, bu gün Məhərrəmlik, Aşurə mərasimlərinə azyaşlıların, məktəblilərin cəlb edilməsi halları onları narahat edir: "Ora gələn azyaşlıların bilik səviyyəsi gərək o dərəcədə olsun ki, hadisənin mahiyyətini başa düşsün. Və ya İslam dininin əsaslarını, fəlsəfəsini düzgün anlasın. Bilik səviyyəsi aşağı olanda insanlar yad ideologiyaların təsirinə məruz qalırlar. Ancaq savadlı insanlar belə təsirlərə məruz qalmırlar. Aşurə günü dərs vaxtına düşür, qətil sınma vaxtında uşaqlar məktəbdə olmalıdırlar. Tövsiyyə olunur ki, uşaqlar dərsdə olsun. Buna görə valideynlər, müəllimlərlə görüşlər keçirilir”

Aytən Zəhra
AzVision.az

Teqlər: Mingəçevir   Aşura