İraqda hökumət böhranı bitir – İranpərəstlər geri çəkildi

  18 Sentyabr 2018    Oxunub : 1336
İraqda hökumət böhranı bitir – İranpərəstlər geri çəkildi
İraqda ən nüfuzlu və ölkədə avtoritetə malik fiqurlardan biri, 12 may parlament seçkilərində ikinci yer tutmuş Fəth alyansının rəhbəri, “Həşdi Şabi” hərəkatının lideri Hadi əl-Əmiri İraqın baş naziri vəzifəsindən öz namizədliyini geri çəkib.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bununla da, uzun sürən mübahisələr və siyasi durğunluqdan sonra İraq hökumətin formalaşması prosesinə bir addım daha yaxınlaşıb.

“Əziz İraq xalqına bəyan etmək istəyirəm ki, ali dini hakimiyyət yanaşmasına uyğun olaraq yeni baş nazirin seçilməsi və onun formalaşdıracağı hökumətin qurulması üzrə ciddi dialoqların aparılması üçün yol açmaq naminə baş nazirliyə namizədliyimi geri çəkirəm”, – deyə əl-Əmiri bildirib.

Hadi əl-Əmirinin rəhbərlik etdiyi alyans bir neçə gündür parlament seçkilərinin qalibi Müqtəda əs-Sədrin bloku ilə yeni alyans formalaşdırmaq barədə danışıqlar aparır.

Xatırladaq ki, bundan əvvəl Hadi əl-Əmiri və ölkənin sabiq baş naziri Nuri əl-Malikinin yaratdığı blok parlamentdə hökumət formalaşdırmaq üçün lazımi 166 yerə sahib olduqlarını və məhz özlərinin koalisiya hökuməti qura biləcəklərini iddia edirdilər. Əmiri və Maliki İranın İraqdakı ən yaxın müttəfiqləri kimi tanınırlar. Həmçinin, İraqın Daxili İşlər Nazirliyinə nəzarət əl-Əmirinin Bədr təşkilatının əlindədir.

Müqtəda əs-Sədr isə yeganə şəxsdir ki, İraqda həm ABŞ, həm də İranın təsirinə qarşı çıxır və müstəqil daxili-xarici siyasət yürüdülməsinin tərəfdarıdır. Bu səbəbdən, iki blokun hansı şərtlər və güzəştlər əsasında alyans yaradacaqları maraq doğurur.

Qeyd edək ki, İraqın 329 nəfərdən ibarət yeni parlamenti öz sədrini seçdikdən sonra 30 gün ərzində ölkə prezidentini seçməli, o isə öz növbəsində baş naziri təyin etməlidir. İraq Konstitusiyasına əsasən, baş nazir şiə, prezident kürd, parlamentin sədri isə sünni təmsilçisi olmalıdır.

Artıq sentyabrın 15-də İraq parlamentində keçirilən səsvermədə 5 ərəb namizəddən biri olan sünni Məhəmməd Halbusi ən çox səs toplayaraq parlamentin sədri seçilib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: İraq   İran