Təbiətə ziyan vuran baş həkimin işi araşdırılır

Təbiətə ziyan vuran baş həkimin işi araşdırılır
  18 Sentyabr 2018    Oxunub:1740
Səhiyyə Nazirliyi barəsində akt tərtib olunan Şamaxı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səməd Fətəliyevin işini araşdırır.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev AzVision.az-ın sorğusuna cavab olaraq bildirib ki, xəstəxananın İnfeksion şöbəsinin qarşısında 6-7 ilin qurumuş ağacı olub. Külək vaxtı həmin ağacın aşma təhlükəsi olduğu üçün Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət olunub və şifahi razılıq alınıb.

"Səhv buradadır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmək əvəzinə, icra hakimiyyətinə müraciət olunub. Qeyd edim ki, ağac 6-7 ilin qurumuş ağacı olub və yaşıllığa heç bir ziyan vurulmayıb”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Şamaxı rayon Mərkəzi Xəstəxanasının ərazisindən ağacların kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkar olunub və təbiətə 3.000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səməd Fətəliyev barəsində akt tərtib olunub.
Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı rayon Prokurorluğuna göndərilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti