İnam Kərimov pambıq sahələrinə baş çəkib - FOTO

  18 Sentyabr 2018    Oxunub : 996
İnam Kərimov pambıq sahələrinə baş çəkib - FOTO
Kənd təsərrüfatı naziri İnam Kərimov Salyan və Neftçalada pambıq sahələrinə baş çəkib.
Salyanda sort sınaq məntəqəsində pambıq sortlarına baxış keçirən nazirə əkilən sortlar barədə məlumat verilib, hər hektardan orta hesabla 40 sentner məhsul gözlənildiyi bildirilib. Sort sınaq məntəqəsində əkilmiş sortların hər birindən nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılır. Yoxlama zamanı daha çox lif keyfiyyəti, toxum çıxımı və digər göstəricilər müəyyənləşir, sonra dövlət reyestrinə salınaraq onun toxumçuluğu təşkil olunur.

Nazir İnam Kərimov yeni sortların yerli şəraitə uyğunlaşdırılması ilə bağlı görülən işlərlə maraqlanıb, tövsiyələrini verib.



İnam Kərimov, həmçinin Neftçala rayonunda tanınmış pambıqçı Əlibala Səlimovun pambıq sahəsi ilə tanış olub. Pambıqçı bu il 30 hektar sahədə pambıq əkdiyini, əkin zamanı yerli şəraitə uyğun toxumlardan istifadə olunduğunu deyib. Pambıq əkini zamanı digər tanınmış pambıqçıları yarışa çağırdığını xatırladan Əlibala Səlimov qeyd edib ki, bu il hər hektardan ən azı 50 sentner məhsul götürmək niyyətindədir.



Kənd təsərrüfatı naziri pambıq sahəsində çalışan kənd sakinləri ilə görüşüb, texnikanın yığıma hazırlıq prosesi ilə maraqlanıb, pambıqçıları maraqlandıran sualları cavablandırıb.

AzVision.az

Teqlər: İnam-Kərimov