“Ordumuz düşməni məhv etməyə hazırlaşır” - Polkovnik

“Ordumuz düşməni məhv etməyə hazırlaşır” - Polkovnik
  19 Sentyabr 2018    Oxunub:9115
“Nikol Paşinyan hakimiyyətə gələndən sonra öz nüfuzunu itirməyə başlayıb. Xilas olmaq üçün qeyri-populist addımlar ataraq Qarabağ xəritəsini əlində bəhanə kimi tutur. İstəyir ki, bununla özünə müəyyən dividentlər qazansın. Atdığı bütün addımlar ondan ibarətdir ki, danışıqlar pozulsun, Azərbaycana hərbi yoldan başqa bir seçim qoyulmasın".
Bunu AzVision.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O, bildirib ki, hazırda güc variantının tətbiqi ilə bağlı fikirlər səsləndirilir.

"Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev bildirib ki, bundan sonra baş verəcək hadisələrə görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyacaq. Çünki onlar sülhə doğru şans saxlamırlar. Ermənistan tərəfi öz niyyətini gizlətməyərək, torpaqlarımızı işğal altında saxlamaq istədiklərini bir daha göstərir. Sentyabrın 15-də keçirilən paradda bir millət, iki dövlət olan qardaş ölkənin dövlət başçıları da bununla bağlı öz fikirlərini söylədilər. Türkiyə Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan etdi".

Ehtiyatda olan polkovnik qeyd edib ki, hazırda Ordumuz irimiqyaslı təlimlərə başlayıb. Onun sözlərinə görə, təlimlərdə əvvəl şərti düşmən sözü ifadə olunurdusa, hazırda torpaqlarımızda olan işğalçı qüvvələrin darmadağın edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə bağlı tapşırıqlar yerinə yetirilir:

"Bunlar hamısı Azərbaycan Silahlı Qüvvələrinin gücünü göstərir. Bu, Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu bir daha sübut edir. Azərbaycan indiyə kimi sülhü gözləyərək Ermənistana çoxlu güzəştlər edib. Ermənilər isə getdikcə daha çox harınlayırlar. Ermənistanda kim dövlət başçısı vəzifəsinə gəlirsə, onun Qarabağla bağlı siyasəti dəyişmir. Bunları ancaq bizim yumruğumuz əzməlidir ki, özlərinə gəlsinlər. Azərbaycan Ordusu işğalçı qüvvələri darmadağın etməli və öz torpaqlarını azad etməlidir".

O əlavə edib ki, müdafiə naziri Zakir Həsənov mütəmadi olaraq cəbhə bölgəsinə gedir və bu səfərlər düşmənə açıq mesajdır.

"İlk növbədə təhlükəli istiqamətlər nəzərdən keçirilir. Son günlər düşmən tərəfi bəzi istiqamətlərdə mülki əhalini atəşə tutur. Belə bir halda müdafiə naziri həmin yerlərə gedərək orada vəziyyəti nəzərdən keçirir və lazımi göstərişlər verir. Düşünürəm ki, bunlar artıq həmin yerlərdə üəyyən tədbirlərin keçirilməsi ilə müşahidə olunacaq".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Qarabağ   Cəbhə  





Xəbər lenti