Türkiyəli deputatlar Milli Məclisdə olublar

Türkiyəli deputatlar Milli Məclisdə olublar
  19 Sentyabr 2018    Oxunub:2601
Sentyabrın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə ilk rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər komissiyasının sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
AzVision.az xəbər verir ki, görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Cavanşir Feyziyev, Sahibə Qafarova, Azər Kərimli, Sahib Alıyev, Nəsib Məhəməliyev, Asim Mollazadə, Rasim Musabəyov, Elman Nəsirov və digər komitə üzvləri iştirak etdilər.

Türkiyə nümayəndə heyətini Milli Məclisdə salamlayan Səməd Seyidov qardaş ölkədə bu il iyunun 24-də keçirilən seçkilərdə AKP-nin inamlı qələbə qazanması münasibətilə Volkan Bozkıra təbriklərini çatdırdı və bildirdi ki, Türkiyə Cümhuriyyəti bundan sonra daha sürətlə inkişaf edəcək və dünyanın ən qüdrətli dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək.

Azərbaycan-Türkiyə münasibətlərindən məmnunluqla söz açan Səməd Seyidov durmadan inkişaf edən siyasi, iqtisadi, ticarət və digər sahələrdəki əlaqələrimizdən söhbət açdı. Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyini deyən Səməd Seyidov ölkələrimizin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd etdi.

Səməd Seyidov bildirdi ki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər. Bunun bariz nümunəsi 15 sentyabr keçirilən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan möhtəşəm hərbi paradda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakıdır.

Xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər komissiyasının sədri Volkan Bozkır Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər komissiyasının sədri Volkan Bozkır ilk rəsmi səfərini Azərbaycana həyata keçirməsindən məmnunluq hissi duyduğunu bildirdi.

Görüşdə iştirak edən komitə üzvləri də Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərindən söz açdılar. Görüş xatirə şəkil çəkdirməklə başa çatdı.

Qeyd etmək lazımdır ki, səfər müddətində Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər komissiyasının sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə həmçinin Xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və Azərbaycan-Türkiyə dostluq qrupunun sədri Əhliman Əmiraslanov da görüşlər keçiriblər.

AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti