XİN: Çinin Qarabağ mövqeyi dəyişməyib

XİN: Çinin Qarabağ mövqeyi dəyişməyib
  19 Sentyabr 2018    Oxunub:1964
Çin Xalq Respublikasında işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Çinin xarici işlər naziri Van İ ilə görüşüb.
XİN-dən AzVision.az-a verilən məlumata görə, görüş zamanı tərəflər dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında əldə edilmiş razılaşmaların hər iki ölkənin xarici işlər nazirliklərinin ikitərəfli əlaqələri dərinləşdirmək üçün fəaliyyətinin yol xəritəsini müəyyənləşdirdiyini qeyd ediblər.

Çinin Tiencin şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik Asiya sammitində iştirakına görə Elmar Məmmədyarova təşəkkür edən Van İ ölkəsinin Azərbaycanla münasibətlərinin hərtərəfli inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, qarşılıqlı etimada əsaslanan Çin-Azərbaycan münasibətlərinin hazırki səviyyəsindən məmnunluğunu ifadə edib.

Van İ Çinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini, bu mövqenin dövlət başçıları səviyyəsində imzalanmış sənədlərdə də əks olunduğunu vurğulayıb.

Xarici işlər naziri Van İ Çin dövlət başçısı Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən birinin Azərbaycan olduğunu xatırladaraq ölkəsinin Azərbaycanın bu dəstəyini yüksək qiymətləndirdiyini vurğulayıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçməsinə töhfəsi kimi dəyərləndirən Çin rəsmisi ölkəsinin bu təşəbbüsün reallaşması istiqamətində Azərbaycan ilə əməkdaşlıq edəcəyini diqqətə çatdırıb.

Çində olmasından məmnunluğunu ifadə edən nazir Elmar Məmmədyarov Çindəki yüksək inkişafın davam etdiyinin şahidi olduğunu qeyd edib.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həlli ilə bağlı Çinin ədalətli mövqeyinə görə təşəkkür edib.

Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan-Çin münasibətlərinin dərinləşməsi üçün imkanlar yaratdığını bildirən nazir Elmar Məmmədyarov bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin etdiyini bildirib və Çini Azərbaycanın təşəbbbüsü və iştirakı ilə reallaşdırılan nəqliyyat-logistika infrastrukturlarından istifadə etməyə dəvət edib.

Görüşdə ölkələrimizin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında statusunun qaldırılması ilə bağlı da fikir mübadiləsi aparılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti