"Heç vaxt bizneslə məşğul ola bilmərəm" - Anar Nəcəfli

"Heç vaxt bizneslə məşğul ola bilmərəm" - Anar Nəcəfli
  20 Sentyabr 2018    Oxunub:4305
“Uzun müddətdir efirə çıxmıram. Bəlkə də buna görə çox həyəcanlıyam. Elə bil, ilk dəfə tamaşaçı qarşısında xəbər aparacağam”

Bunu AzVision.az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib. ARB TV-də xəbər aparıcısı kimi fəaliyyətini davam etdirən tanınmış jurnalist Dövlət Agentliyinin rəhbərliyi tərəfindən yeni işinə qadağa qoyulmadığını bildirib.
“Təklif ARB televiziyasından gəldi. Rəhbərlik sağ olsun, normal qarşıladı. Xəbər aparıcılığı əsas işimə heç bir maneə törətmir. Günün ikinci yarısından sonra aparıcılıqla məşğul oluram. Efirə hazırlaşarkən çox həyəcanlı idim ki, necə qarşılanacaq? Özümü ilk dəfə efirə çıxan kimi hiss edirdim. Qəribə təəssüratlar var. Doğrudur, bu sahədə yetişmişəm, aparıcılığın necə olduğunu, hansı çətinliklərin olduğunu bilirəm, özünü efirdə necə aparmağın vərdişləri məndə hələ də qalıb. Ancaq bütün hallarda bir həyəcan var”.

A.Nəcəfli efir üçün çox darıxdığını etiraf edib: “Aparıclııq elə bir peşədir ki, ondan ayrılsan belə səni çəkir. Darıxırsan, istəyirsən ki, efirdə olasan. Kim deyir ki, yadıma düşmür, yalan söhbətdir. Biz bu sahənin adamıyıq. Əlimdən zatən başqa bir şey gəlmir. Heç vaxt bizneslə, ticarətlə məşğul ola bilmərəm. Bu işi bacarıram. Nə qədər canımızda enerji var, bu işlə məşğul olmalıyıq. Jurnalistika həm də bir idmandır. Sən aktiv jurnalistika ilə məşğulsansa, demək idmanla məşğul olursan".

Teleaparıcı mətbuat katibi olmağın göründüyü kimi heç də rahat və asan olmadığını əlavə edib:
"Mətbuat xidməti asan iş deyil. Burada aktiv olmalısan ki, işin irəli getsin. Bu vəzifəyə istirahət etmək məqsədilə gəlirsənsə, heç bir işin düz getməyəcək, ictimaiyyətlə əlaqələrin normal qurulmasında iştirak edə bilməyəcəksən. Həmişə çalşıram ki, harada oluramsa olum, potensialımı göstərim”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Anar-Nəcəfli  





Xəbər lenti