Dini komitə sədri Səccad Kərimi ilə görüşüb

Dini komitə sədri Səccad Kərimi ilə görüşüb
  21 Sentyabr 2018    Oxunub:2043
Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Avropa İttifaqının Cənubi Qafqaz Nümayəndəliyinin rəhbəri Səccad Kərimi qəbul edib.
Mübariz Qurbanlı DQİDK-nın fəaliyyət istiqamətləri, mövcud dövlət-din münasibətləri, dini konfessiyaların fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verərək ölkəmizdə hökm sürən tolerant və mültikultural mühit barədə danışıb.

Bildirib ki, Azərbaycanda 835 dini qurum Dövlət Komitəsində qeydiyyatdan keçib. Konfessional baxımdan onların 804-ü İslam, 31-i isə qeyri-islam təmayüllüdür.

Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün dünyada, xüsusən Yaxın Şərqdə dinlər və məzhəblərarası münaqişələr yaşansa da, Azərbaycanda tarixən heç vaxt bu cür hallar müşayət olunmayıb. Dini və etnik tolerantlığa, dinlərarası və mədəniyyətlərarası dialoqa aid məsələlər Azərbaycanda çox fəal şəkildə müzakirə olunur və Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır.

Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən bütün konfessiyalara dövlət tərəfindən daim maddi və mənəvi dəstək göstərilir, dini ibadət yerləri təmir olunur, yeniləri tikilir.

Avropa İttifaqının Cənubi Qafqaz Nümayəndəliyinin rəhbəri Səccad Kərim səmimi qəbul üçün minnətdarlıq edərək, ölkəmizin bütün sahələrdə dinamik inkişafını, Azərbaycanda olan dini tolerantlıq mühiti və dövlətin bu istiqamətdə yürütdüyü siyasəti yüksək qiymətləndirib. Bildirib ki, dünyəvi Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinə diqqət və qayğı ilə yanaşır. Bu cür birgəyaşayış modeli bir çox dünya ölkələri üçün nümunə ola bilər.

Eyni zamanda Səccad Kərim Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələri yüksək dəyərləndirərək, bütün sahələr üzrə yüksək səviyyəli əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu ifadə edib.

Həmçinin, görüş zamanı Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən, din sahəsi ilə bağlı məsələlər müxtəlif aspektlərdə müzakirə edilib. Qeyd olunub ki, bu sahə üzrə müzakirələrin davam etdirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlıq üçün bir zəmin ola bilər. Eyni zamanda cari ilin dekabr ayında keçirilməsi planlaşdırılan beynəlxalq konfrasa hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Mübariz Qurbanlı qonaqlara Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar hədiyyə edib.

Qeyd edək ki, görüşdə Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Jankauskas və DQİDK sədrinin müavini Səyavuş Heydərov iştirak ediblər.

AzVision.az


Teqlər: Dini-Komitə   Mübariz-Qurbanlı  





Xəbər lenti