Gəmiçiliyin rəhbər şəxsləri üçün təlim keçirilib - FOTOLAR

  21 Sentyabr 2018    Oxunub : 894
Gəmiçiliyin rəhbər şəxsləri üçün təlim keçirilib - FOTOLAR
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər şəxsləri üçün “İclasların effektiv idarəedilməsi” mövzusunda təlim keçirilib.
QSC-dən AzVision.az-a verilən xəbərə görə, təlimdə qurumun struktur və departament rəhbərləri iştirak ediblər.

Beynəlxalq səviyyəli biznes-təlimçi Rəşad Bayramovun apardığı təlimdə bildirilib ki, əksər yerli və xarici şirkətlərdə iclasların idarəolunması zamanı bir çox problemlərə rast gəlinir. Bunlardan ən başlıcası vaxt itkisi ilə bağlıdır: “Bu problemdən çıxış yolu üçün iştirakçılara əvvəlcədən müzakirə mövzusu haqqında məlumat verilməli, iclasa doğru komanda üzvləri dəvət edilməlidir. Digər tərəfdən, mövzudan yayınmağa yol verilməməlidir”.

R.Bayramov diqqətə çatdırıb ki, iclasların daha effektiv və səmərəli keçirilməsi üçün görüşdəki şəxslərin hər birinin fikrinin soruşulması vacib amillərdəndir.

Təlimçi həmçinin qeyd edib ki, keyfiyyətli iclasa hazırlıq çox vaxt alır, lakin nəticəsini nəzərə aldıqda buna dəyər.

İnteraktiv formada təşkil olunan təlimdə mövzuya uyğun müxtəlif videolar nümayiş olunub, iştirakçılara effektiv iclasın təşkili və idarəedilməsi ilə bağlı tapşırıqlar verilib, ortaya çıxan suallar cavablandırılıb.

AXDG-də bu növ təlimlər gələcəkdə də davam etdiriləcək. Əsas məqsəd Cəmiyyətin strateji hədəflərinə uyğun təlim və təhsilə olan ehtiyacları müəyyənləşdirərək insan resurslarının davamlı inkişafını, eləcə də personalın yeni istehsalat vəzifələrinin icrasına hazırlanmasını, işçilərin biliklərinin sistemli şəkildə yenilənməsini, əməkdaşların peşə mədəniyyətinin və peşə reytinqinin artırılmasını mütərəqqi təhsil və təlim metodları ilə təmin etməkdən ibarətdir.









AzVision.az

Teqlər: AXDG