Səyyar ASAN xidmət davam edir

  24 Sentyabr 2018    Oxunub : 586
Səyyar ASAN xidmət davam edir
Səyyar ASAN xidmət 3 sentyabr – 2 oktyabr İmişli, Xaçmaz, Lənkəran, Ağcabədi, İsmayıllıda, 3 – 27 sentyabr Qazaxda, 20 – 29 sentyabr Qobustan qəsəbəsində, 21 sentyabr – 2 oktyabr Dəliməmmədli şəhərində, 21 sentyabr – 5 oktyabr Masazırda, 26 sentyabr – 15 oktyabr Göyçayda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Bu barədə AzVision.az-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, "Səyyar ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

AzVision.az

Teqlər: Səyyar-ASAN