Rüstəm Usubov Tacikistanda keçirilən iclasda

Rüstəm Usubov Tacikistanda keçirilən iclasda
  24 Sentyabr 2018    Oxunub:2378
Sentyabrın 20-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 28-ci iclası keçirilib.
Baş Prokurorluqdan AzVision.az-a verilən məlumata görə, MDB prokurorluq orqanları əməkdaşlarının iştirak etdikləri tədbirdə ölkəmizi Baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdən əvvəl nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən qəbul edilib.

Şuranın iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verərək, Azərbaycan Baş Prokurorluğunun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət” mövzusunda çıxış edib.

Tədbirdə “Sərxoş vəziyyətdə nəqliyyat vasitələrinin idarə edilməsinə qarşı mübarizə” (Belarus), “Prokuror nəzarətinin təkmilləşdirilməsində informasiya texnologiyalarının istifadəsi” (Qazaxıstan), “Korrupsiyaya qarşı mübarizə və qarşısının alınması məsələlərində prokurorluq orqanlarının əlaqələndirici rolu” (Qırğızıstan), “2016-2020-ci illər üçün ekstremizm və terrorizmlə mübarizədə milli strategiyanın həyata keçirilməsi praktikası” (Tacikistan) və sair mövzularda çıxışlar dinlənilmiş, faydalı fikir mübadiləsi aparılıb.

Yekunda Rusiyanın Baş prokuroru Yuri Çayka növbəti bir il müddətinə yenidən Şuranın sədri seçilib və təşkilatın 2019-cu ildəki iclasının Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində keçirilməsi qərara alınıb.

Tədbir çərçivəsində nümayəndə heyəti Tacikistanın Baş prokuroru Yusuf Rahmonla ikitərəfli görüş keçirib. Cari il avqustun 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Tacikistan Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq haqqında Saziş”də göstərilən müddəaların həyata keçirilməsi məqsədilə bu ilin noyabr-dekabr aylarında Tacikistan nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Azərbaycana səfərə dəvət olunub.



AzVision.az


Teqlər: MDB   Baş-Prokurorluq   BPƏŞ  





Xəbər lenti