Moldovanın səfiri Bilik Fondunda olub

Moldovanın  səfiri Bilik Fondunda olub
  24 Sentyabr 2018    Oxunub:1858
Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka Azərbaycan Prezidenti yanında Bilik Fondunun qonağı olub.
AzVision.az- ın məlumatına görə, fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən səfirə Bilik Fondunun fəaliyyəti barədə ətraflı məlumat verilib.

O.Səmədov bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji, humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliği, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması, gənclərin elmi biliklərinin artırılması, Azərbaycan elminin dünyada, dünya elminin ölkəmizdə tanıdılmasına xidmət göstərməkdir.

İcraçı direktor beynəlxalq layihələrdən söz açaraq, xarici ölkə səfirləri, nümayəndələri, müxtəlif ölkələrin alimləri ilə Bilik Fondunda mütəmadi olaraq işgüzar görüşlərin keçirildiyini xatırladıb və bu görüşlərin məntiqi nəticəsi kimi hazırda davam edən qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, bu günə qədər 20-dən çox ölkənin səfirləri Fondun qonağı olublar və bu görüşlərdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycanla Moldovanın oxşar xüsusiyyətlərindən danışan icraçı direktor hər iki xalqın münasibətlərinin dostluq müstəvisində inkişaf etdiyini bildirib.

İcarçı direktor, xüsusən, Fondun nəzdində fəaliyyət göstərən “Tariximizi öyrənək və öyrədək”, “Gənc jurnalistlər”, “Diplomatlar” klublarının fəaliyyəti barədə məlumat verərərək, səfiri Lektorlar qrupunun üzvü kimi mühazirəçilər sırasında təmsil olunmağa və klublarda keçirilən görüşlərdə yaxından iştirak etməyə çağırıb.

Dəvətə və səmimi görüşə, qonaqpərvər münasibətə görə minnətdarlığını bildirən səfir müstəqillik qaznana qədər keçmiş sovet respublikalarında fəaliyyət göstərən “Bilik” cəmiyyətlərini xatırladıb və özünün həmin cəmiyyətin xətti ilə orta məktəb şagirdi kimi mühazirələr dinlədiyini və sonralar alim kimi mühazirələr söylədiyini deyib.

Oktyabrda Moldovada Azərbaycan mədəniyyəti günləri keçiriləcəyini diqqətə çatdıran G.Leuka bir çox azərbaycanlı yazıçının əsərlərini tərcümə etdiklərini söyləyib. Bildirib ki, səfirlik gələcəkdə hər iki ölkə ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin təbliğində birgə əməkdaşlığa hazırdır.

Bilik Fondu ilə, xüsusən də əhalinin maarifləndirilməsi və elmi biliklərinin artırılması sahəsində sıx əlaqələrin qurulması ilə bağlı aparılan fikir mübadiləsindən məmnun olduğunu deyən səfir, alim və tədqiqatçı mübadiləsinin, hər iki ölkənin turizm imkanlarının təbliğ olunmasının, mədəniyyət yönümlü birgə tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb.

Görüşün sonunda Bilik Fondu ilə Moldovanın Azərbaycandakı səfirliyi arasında fəaliyyət planının imzalanması ilə bağlı razılıq əldə olunub.

Səfir Fondun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb, qonağa xatirə hədiyyəsi təqdim edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti