“Azərbaycan müdafiə qabiliyyətinin artırılmasına xüsusi önəm verir” - Prezident

“Azərbaycan müdafiə qabiliyyətinin artırılmasına xüsusi önəm verir” - Prezident
  25 Sentyabr 2018    Oxunub:2099
"Ərazisinin 20 faizi işğal altında olan Azərbaycan müdafiə qabiliyyətinin artırılmasına və silahlı qüvvələrin maddi texniki təchizatının gücləndirilməsinə daim xüsusi önəm verir".
AzVision.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 3-cü “ADEX-2018” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına ünvanladığı məktubda qeyd olunub.

Məktubu Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov oxuyub.



Məktubda deyilir: "Hörmətli sərgi iştirakçıları və qonaqlar! Sizi “ADEX 2018” Üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılışı münasibətilə salamlayıram.

Artıq ənənəvi xarakter almış “ADEX” sərgisi beynəlxalq hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm tədbirə çevrilmişdir. Sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, o cümlədən rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması və yeni müqavilələrin imzalanması üçün səmərəli platformaya çevrilmişdir.

Ərazisinin 20 faizi işğal altında olan Azərbaycan Respublikası müdafiə qabiliyyətinin artırılmasına və silahlı qüvvələrinin maddi-texniki təchizatının gücləndirilməsinə daim xüsusi önəm verir. Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, güclü müdafiə sənayesi yaratmışdır və bu sərgi müdafiə sənayemizin əldə etdiyi nailiyyətlərin tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Əminəm ki, “ADEX 2018” sərgisi faydalı təcrübə mübadiləsinin aparılmasına və yeni əməkdaşlıq əlaqələrinin yaradılmasına imkanlar açacaq, eləcə də milli müdafiə sənayemizin elmi-texnoloji potensialının artırılmasına töhfə verəcəkdir.".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Fuad-Ələsgərov  





Xəbər lenti