Qeyri-neft sektorunun inkişafında yeni məqamlar – TƏHLİL

  25 Sentyabr 2018    Oxunub : 8539
Qeyri-neft sektorunun inkişafında yeni məqamlar – TƏHLİL
Valyuta bazarımızda tarazlığın pozulmayacağına dair sonuncu təhlildə yazmışdıq ki, bunu təmin edən tədiyyə balansıdır. Çünki onda müsbət saldo hökm sürür. Bu da ondan irəli gəlir ki, xarici ticarətdə ixrac idxalı üstələyir, qeyri-neft sektoru üzrə ölkədən kənara məhsul satışı genişlənir, neft-qaz sektorunda artım mövcuddur...
Yəni, Mərkəzi Bankın cari əməliyyatlar hesabına dair açıqladığı məlumatda da müsbət əhəmiyyətli amillər sırasında məhz xarici ticarət profisitinin 1,4 dəfə, qeyri-neft ixracının isə 14,1% artması xüsusi olaraq qeyd edilib. Bu isə qeyri-neft sektorunun sürətli, rəqabətədavamlı inkişafını təmin etmək istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində onun potensial imkanlarının genişləndiyi, yeni istehsal sahələrinin yaradıldığı, idxalı əvəzləyən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsinin yüksəldiyi və ixracın artdığı göstəricisidir.

2018-ci ilin yanvar-iyul aylarında qeyri-neft məhsullarının ixracı 2017-ci ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 13,5, real ifadədə isə 3,8% artaraq 968,6 milyon dollar təşkil edib. Ümumiyyətlə, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixrac 114 milyon dollar artıb. Statistikaya əsasən, cari ilin 7 ayı ərzində Rusiyaya 353 milyon, Türkiyəyə 215 milyon, Gürcüstana 81 milyon, İsveçrəyə 78 milyon və Çinə 29 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ancaq ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalını stimullaşdırmaq, onun xammal bazasını yaxşılaşdırılmaq, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artmasına nail olmaq üçün, habelə milli iqtisadiyyat və onun sektorları üzrə strateji yol xəritələrindən irəli gələn tədbirlərin icrasının təmin etmək üçün hələ çox işlər görmək və addımlar atmaq tələb olunur.

Bu mənada, Prezidentin ötən həftə imzaladığı qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqda Sərəncam da, sözügedən zərurətdən irəli gəlib.

Məlumdur ki, 2014-2015-ci illərdə dünya neft bazarında qiymətlərin kəskin enməsi nəticəsində Azərbaycan iqtisadiyyatı böyük təlatümlə üzləşdi. İllər boyu formalaşmış makroiqtisadi sabitliyə əməlli-başlı təhlükə yarandı. Düzdür, bundan əvvəl də hökumət qeyri-neft sektorunun inkişafını prioritet elan etmişdi və dövlət başçısı çıxışlarında bunu vurğulayırdı. Lakin qeyd etdiyim neft ucuzlaşmasından sonra qeyri-neft sektorunun inkişafı labüd, qaçılmaz zərurətə çevrildi ki, bu sahədə işlər sürətləndirildi.

Prezidentin haqqında söhbət açdığım 19 sentyabr 2018-ci il tarixli Sərəncamı da qeyri-neft sektorunun inkişafı məqsədilə imzalanan növbəti sənəddir. Lakin sözügedən sənədi digərlərindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalının təşviqi bilavasitə və konkret olaraq nəzərdə tutulur. Diqqəti cəlb edən əsas məsələlərdən biri də daxili bazarın təhlil olunmasının irəli sürülməsidir.

Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafına dair yazılarımda hər dəfə vurğulamışam ki, bu, qısa müddətli iş deyil. Həyata keçirilən tədbirlər və islahatların nəticən verməsi üçün vaxt lazımdır. İlk növbədə daxili bazar təmin olunmalı, bunun üçün isə yerli məhsullar xarici istehsala aid analoqlarını bazardan sıxışdırıb çıxartmalıdır. Buna vergiləri və gömrük rüsumlarını qaldırmaqla nail olmaq mümkün deyil. Bu, effektli yol deyil. Yerli istehsala məxsus məhsullar keyfiyyətli olmalı, eyni zamanda ucuz başa gəlməlidir. Bazar mütləq, ətraflı araşdırılmalıdır.

Bizdə isə, iri şirkətlərin çoxunun bazarı araşdırıb normal proqnozlaşdırma həyata keçirmək qabiliyyəti və bacarığı yoxdur. Bu, xüsusilə kənd təsərrüfatında özünü aşkar büruzə verir. Məsələn, bir il kartof yüksək qiymətə gedir deyə, gələn il üçün kütləvi kartof yetişdirilir ki, nəticədə qiymət düşür, məhsul əllərdə qalır... Soğan, sarımsaq və sairlə bağlı da eyni vəziyyət müşahidə olunub. Sonra da məcbur qalınaraq, idxalda rüsumlar artırılır. Yəni, bu, bizdə vaxtaşırı baş verir. Halbuki, bazar hərətərəfli öyrənilməli, müvafiq proqnozlaşdırma həyata keçirilməli və sonra, istehsal təşkil edilməlidir.

Bu baxımdan, sözügedən Sərəncamda ölkədə istehsal olunmayan məhsulların təşviqinin nəzərdə tutulması çox vacib məqamdır. Düşünürəm ki, ilk növbədə ölkə daxilində xammal bazası mövcud olan istehsal sahələrinin inkişafına diqqət yetirilmək lazımdır ki, belə məhsulların istehsalı təşkil olunaraq, xarici bazarlara çıxandan sonra xammalı kənardan gətirilən məhsulların istehsalına diqqət yetirmək daha məsləhətdir.

Həmçinin, İqtisadiyyat Nazirliyinə qeyri-neft sektorunun rəqabət və ixrac qabiliyyətini artırmaq məqsədilə ölkədə fəaliyyət göstərən müəssisələri qlobal dəyər zəncirlərinə qoşmağı təmin etməyin tapşırılması da mühüm məqamdır...

O cümlədən, müqayisəli üstünlük əsasında yerli istehsalı rəqabətqabiliyyətli xarakter daşıyan konkret məhsullar üzrə siyahının hazırlanması və istehsalının təşkili kommersiya cəhətdən səmərəli olan məhsulların təşviqinin təmin olunması tapşırığı da olduqca əhəmiyyətlidir.

Təkrar edirəm: qeyri-neftdə həyata keçirilən işlərin təsirini görmək üçün neftə nisbətən daha uzun müddət tələb olunur. Buna görə də atılan addımların dərhal nəticə verəcəyini gözləmək əbəsdir. Bunun üçün çox iş görülmək lazımdır: müvafiq istehsal sahələri yaratmaq, daxili bazarı qorumaq, kiçik və orta sahibkarlıq üçün geniş imkanlar formalaşdırılmaq, vergi və gömrük siyasətini buna uyğunlaşdırılmaq və sair...

Odur ki, neft-qaz sektoru hələ xeyli vaxt ölkə iqtisadiyyatının əsas lokomotivi olaraq qalacaq. Lakin bu sektor aparıcı rol oynadığı müddətdə, qeyri-neft sahələrinin inkişafı üçün tələb olunan bütün amillər dəqiq və düzgün yerinə yetirilməlidir. Yoxsa, gələcəkdə iqtisadiyyatımız aparıcı qüvvəsi olmacaq. Dəxli yoxdur ki, bu, uzaq gələcəkdə baş versin, yoxsa yaxın... Əsas odur, çalışmalıyıq ki, baş verməsin...

Beləliklə, demək istədiyim budur ki, qeyri-neft sektorunun inkişafını daha da sürətləndirmək üçün bu sahəyə birbaşa xarici investisiyalar cəlb etməklə daxili istehsalın rəqabət qabiliyyətini gücləndirmək, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi və yerli məhsullarla özünü təminetmə səviyyəsini yüksəltmək, qeyri-neft sektorunun ixrac imkanlarını artırmaq yolunda növbəti istiqamətlər də bəllidir. Qalır, verilən tapşırıqları vaxtında yerinə yetirib, irəliləmək.


Pərviz Heydərov
AzVision.az üçün

Teqlər: Qeyri-neft-iqtisadiyyatı