“Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır” - Mehriban Əliyeva

“Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır” - Mehriban Əliyeva
  25 Sentyabr 2018    Oxunub:2267
"Azərbaycan sülhsevər ölkədir. Biz qonşularımızla və digər dövlətlərlə siyasətimizi qarşılıqlı maraq və qarşılıqlı hörmət əsasında qururuq. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, artıq 25 ildən çoxdur Azərbaycan xalqı qonşu Ermənistanın işğalçı siyasətindən əziyyət çəkir. Bu siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal altındadır, 1 milyon soydaşımız məcburi köçkün və qaçqın vəziyyətində yaşayır"
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Romadakı Custiniani sarayında “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfransda çıxışı zamanı bildirib.

Birinci vitse-prezidentin sözlərinə görə, təkcə Xocalı faciəsi nəticəsində bir gecə ərzində 600-dən çox günahsız insan, o cümlədən qadınlar, uşaqlar, yaşlılar vəhşicəsinə öldürülüb.

"Mindən çox insan itkin düşmüşdür. On dörd ölkə Xocalı faciəsini rəsmən soyqırımı kimi tanıyıb. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamə erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin Ermənistan beynəlxalq hüququn normalarını kobudcasına pozaraq işğalçı siyasətini davam etdirir. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan sülhsevər ölkədir, biz danışıqlar aparırıq.

Biz hesab edirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları əsasında öz həllini tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Dağlıq Qarabağ və ətrafında yerləşən 7 rayon işğaldan azad olunmalıdır, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdır. Ümidvaram ki, İtaliya ATƏT-in fəaliyyətdə olan sədri kimi münaqişənin həllində böyük rol oynayacaq", - deyə Mehriban Əliyeva çıxışında vurğulayıb.

AzVision.az


Teqlər: Mehriban-Əliyeva   Roma   Qarabağ  





Xəbər lenti