Satışı qadağan olunan məhsullar məktəblərdə satılmır - RƏSMİ

Satışı qadağan olunan məhsullar məktəblərdə satılmır - RƏSMİ
  25 Sentyabr 2018    Oxunub:2431
Paytaxtdakı ümumi təhsil müəssisələrində iaşə xidmətinin təşkilində müvafiq qaydaların tələbləri əsas götürülməklə, məktəbyaşlı uşaqların qidalanma təhlükəsizliyi və məktəbə olan inamın möhkəmləndirilməsi əsas amil kimi diqqət mərkəzindədir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab vermədiyi bildirilən müvafiq partiyaya aid olan qida məhsulları məktəb bufetlərində istifadə olunmur.

Məlumatda qeyd edilib ki, təhsil müəssisələrində iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” Qərarına, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı”na və “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında” Qərarına uyğun norma və qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır.

Müvafiq qaydaların tələbləri əsas götürülməklə, bir sıra məktəblərdə şagird və müəllimlərə isti yeməklər də təklif olunur.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab vermədiyi bildirilən müvafiq partiyaya aid olan qida məhsullarının ("Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo"şirniyyatları və "Banduel" məhsulları) satışı qadağan olunub və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti