Firdovsi Umudovu rüşvətdə ittiham edən idmançı yoxa çıxıb

Firdovsi Umudovu rüşvətdə ittiham edən idmançı yoxa çıxıb
  26 Sentyabr 2018    Oxunub:3917
“Elçin Mürşüdov adlı şəxs telefonunu söndürərək yoxa çıxıb. Biz neçə dəfə cəhd etsək də, onunla əlaqə saxlaya bilməmişik”
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı deyib. Onun sözlərinə görə, güləş millimizin baş məşqçisi Firdovsi Umudov haqqında rüşvət ittihamı səsləndirən E.Mürşüdovun yalnız qardaşı ilə əlaqə saxlamaq mümkün olub.

AGF rəsmisinin sözlərinə görə, Elsevər Mürşüdov qardaşının F.Umudovla bağlı dediklərinin böhtan olduğunu təsdiqləyib.

“Həmin şəxsin qardaşı Elsevər Məmmədovla əlaqə saxladıq. O, Firdovsi müəllimi yaxşı tanıyır, onun Azərbaycan idmanına hansı uğurlar gətirdiyindən xəbərdardır. Dedi ki, qardaşının əgər qaydasız döyüş üzrə yığmaya cəlb olunmaq planı olsaydı, ilk növbədə yaxın qohumları kikboksçu Eduard Məmmədova müraciət edərdi. Qardaşı Elçinin özünə də bu barədə deyib. Elçin isə bildirib ki, televiziyada onu qızışdırıblar. Təəssüf ki, indi Elçinlə əlaqə saxlamaq imkanımız yoxdur. Qardaşının sözünə görə, telefonu söndürüb, yoxa çıxıb. Harada olduğu bilnmir. Ailəsi onun idman sahəsində ciddi uğurunun olmadığını etiraf edir".

S.Musalı hesab edir ki, F.Umudov haqqında məlumatlar kimlərinsə təhriki ilə yayılıb: "Elçin Mürşüdov bir alətdir. Onu hansısa yolla ələ alıblar. Jurnalist həmkarımız əsaslı suallar verib, məsələni araşdırmadan yayımlayıb".

Qeyd edək ki, özünü Elçin Mürşüdov kimi təqdim edən şəxsin videoçıxışı yayılıb. O, çıxışında öncə sərbəst güləş üzrə ölkə çempionu olduğunu, daha sonra isə UFC-yə keçdiyini deyib. Bundan sonra qaydasız döyüş üzrə yığmaya cəlb olunmaq üçün sərbəst güləş yığmamızın baş məşqçisi Firdovsi Umudova müraciət etdiyini və bunun üçün ondan 4500 manat tələb olunduğunu açıqlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Firdovsi-Umudov  





Xəbər lenti