Məmmədyarov Təmas Qrupunun iclasında iştirak edib

Məmmədyarov Təmas Qrupunun iclasında iştirak edib
  27 Sentyabr 2018    Oxunub:1841
BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cəmmu və Kəşmir üzrə Təmas Qrupunun növbəti iclası keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iclasda iştirak edib.

İclasda çıxış edən E.Məmmədyarov Cəmmu və Kəşmir məsələsinin beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində BMT-nin əsas orqanı olan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməli olduğunu qeyd edib. Nazir BMT Nizamnaməsinin 25-ci maddəsinə istinad edərək həm işğal edilmiş Azərbaycan əraziləri, həm də Cəmmu və Kəşmir məsələsi ilə bağlı qəbul edilmiş TŞ qətnamələrinin bütün dövlətlər tərəfindən yerinə yetirilməli olduğunu vurğulayıb.

Cəmmu və Kəşmir məsələsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 39 saylı (17 yanvar 1948-ci il) və 47 saylı (21 aprel 1948-ci il) qətnamələrə, eləcə də həmin qətnamələrə əsasən təsis edilmiş BMT-nin Hindistan və Pakistan üzrə Komissiyasının 13 avqust 1948-ci il tarixli və 5 yanvar 1949-cu il tarixli qətnamələrinə əsasən, Cəmmu və Kəşmir bölgəsinin yekun statusu BMT-nin himayəsi altında həmin bölgənin bütün sakinlərinin iştirakı ilə keçiriləcək ümumxalq səsverməsi ilə müəyyən edilməlidir.

Qeyd edək ki, İƏT-in Cəmmu və Kəşmir üzrə Təmas Qrupu İƏT xarici işlər nazirlərinin 1994-cü ilin sentyabrında İslamabad şəhərində keçirilmiş 7-ci növbədənkənar sessiyasının qərarına əsasən təsis edilib. Azərbaycan qrupa 2013-cü ildə üzv olub. Hazırda qrupa Azərbaycanla yanaşı, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Niger daxildir.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti