3 saatlıq Qarabağ danışıqları və Paşinyana mesaj - ŞƏRH

3 saatlıq Qarabağ danışıqları və Paşinyana mesaj - ŞƏRH
  27 Sentyabr 2018    Oxunub:4336
“Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları fonunda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 3 saat davam edən görüşünün keçirilməsi Azərbaycanın növbəti diplomatik qələbəsindən xəbər verir”.
Bu fikirləri Nyu-Yorkda BMT-nin 73-cü sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən görüşü AzVision.az-a şərh edən politoloq Sahil İskəndərov deyib.

Politoloq qeyd edib ki, Ermənistan tərəfi danışıqlardan yayınmağa çalışsa da, bu baş tutmur: “Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın bəyan edirdi ki, Dağlıq Qarabağ adından danışıqlar prosesində iştirak etməyəcək. O, belə hesab edir ki, bu sırf Azərbaycanın daxili problemidir və birbaşa Dağlıq Qarabağla, yəni separatçı rejimlə danışıqlar aparmalıdır. Bütün bunlardan sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi, ATƏT sədrinin xüsusi nümayəndəsinin iştirakı ilə 3 saatlıq danışıq aparması Azərbaycanın növbəti diplomatik qələbəsidir. Çünki bu bir daha sübut edir ki, Paşinyanın dediklərinin hamısı cəfəngiyatdır”.



Politoloqun fikrincə, Paşinyan danışıqlar prosesindən yaxasını kənara çəkməməlidir: “Beynəlxalq aləm çox yaxşı fərqindədir ki, Dağlıq Qarabağ problemi heç də Azərbaycanın daxili işi deyil. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanla erməni separatçı rejiminin münasibətlərinin araşdırılmasına yönəlməyib. Bu, konkret olaraq Azərbaycanın Ermənistanla münaqişəsidir. Yəni Ermənistanın Azərbaycana sırıdığı münaqişədir. Bu, bir daha sübut edir ki, Azərbaycanın ərazilərini işğal edən separatçı rejim yox, məhz Ermənistandır. Uzun zaman sonra həmsədrlərin də iştirakı ilə 3 saat davam edən danışıqların aparılması bir daha göstərir ki, Paşinyanın söylədiklərinin hamısı cəfəngiyatdır, boşboğazlıqdan irəli gəlir. Çünki danışıqlarda məhz Ermənistan iştirak etməlidir. Bu, ABŞ prezidenti Donald Trampın Paşinyana müstəqillik günü ilə bağlı ünvanladığı məktubda, həm də dövlət katibi Mayk pompeonun bəyanatında öz əksini tapıb. Yəni bunlar Paşinyana mesajdır ki, danışıqlar prosesindən yaxasını kənara çəkməyə çalışmamalıdır”.



Politoloq qeyd edib ki, danışıqların intensivliyi sonda keyfiyyət dəyişikliyinə səbəb ola bilər: “Düşünürəm ki, 3 saat hədər getməyib. Yəni bu zaman tərəflərin bir-birinə münasibətlərin ayırd edilməsinə yönəlməyib. Konkret detallı danışıqların getdiyini düşünürəm. Bundan başqa, son zamanlar Moskvanın post-Sovet məkanında münaqişələrin həllində fəallıq nümayiş etdirməsi, digər həmsədr dövlətləri də bu müstəvidə fəallaşmağa vadar edəcək. Çünki Cənubi Qafqazda, Yaxın Şərqdə möhkəm sülhə və hərtərəfli əməkdaşlığa ən böyük əngəllərdən birinin Dağlıq Qarabağ münaqişəsinin olduğunu beynəlxalq aləm çox gözəl başa düşür”.

Görüşün nəticələrindən biri kimi ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinə toxunan politoloq deyib: “Həmsədrlərin regiona səfərləri tez-tez baş verir. Bu səfərlərdə məqsəd həm beynəlxalq aləmə, həm Azərbaycana münaqişənin həllinin yaddan çıxmadığını nümayiş etdirməkdir. Yəni yanaşmaları budur ki, münaqişə yenidən qaynar fazaya qayıtmasın. Azərbaycan da dəfələrlə bəyan edib ki, münaqişənin sülh yolu ilə həllini istəyir. Bu baxımdan onların bəyanatlarında sərtlik olmalıdır və gəliş-gedişlərin nəticəsini müşahidə etməliyik”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   Dağlıq-Qarabağ   Münaqişə  





Xəbər lenti