"Whatsapp"da vərəmlə bağlı yayılan xəbərlər yalan çıxdı

"Whatsapp"da vərəmlə bağlı yayılan xəbərlər yalan çıxdı
  27 Sentyabr 2018    Oxunub:2718
Ölkədə o cümlədən Bakı şəhərində mütəmadi vərəm əleyhinə tədbirlər həyata keçirilir. Tədbirlər ölkə üçün qəbul olunmuş “Milli proqram” əsasında aparılır. Əhali arasında vərəm əleyhinə tədbirlər istiqamətində sanitar maarifləndirmə işləri yerinə yetirilir. Vaxtaşırı ilkin tibbi yardım müəssisələrinin həkim və orta tibb işçiləri ilə mütəmadi maarifləndirici mülahizələr, söhbətlər aparılır.
AzVision.az xəbər verir ki, bunu Bakı şəhərinin Baş Ftiziatrı, tibb elmlər doktoru, professor Yavər Şıxəliyev bildirib. Onun sözlərinə görə, müəssisələrə vərəm əleyhinə tədbirlərə aid maarifləndirici plakatlar, bukletlər və s. paylanılır. İlkin tibbi yardım müəssisələrinin ərazisində yerləşən bağçalarda, ümumi təhsil və ali təhsil müəssisələrində hər il vərəm xəstəliyinin erkən aşkarlanması üçün kütləvi və fərdi tuberkulin diaqnostikası yerinə yetirilir.

"Əhalinin mütləq müayinə olunmalı olan qrupları; müəllimlər, bağça işçiləri, ictimai iaşə işçiləri və s. mütəmadi olaraq tibbi müayinədən o cümlədən vərəm əleyhinə müayinədən keçirlər. Vərəm xəstələri vərəm əleyhinə keyfiyyətli dərmanlarla pulsuz şəkildə tam təmin olunurlar. Vərəm müəssisələrinin material-texniki bazalarının vəziyyətivə bu müəssisələrin bronx-ağ ciyər xəstəliklərinin diaqnostik imkanları yüksək səviyyədədir. Bu müəssisələrdə ən müasir rentgen-tomoqrafik aparatlarla müayinələr və vərəmin tez aşkarlanması üçün möhtəviyyatların molekulyar-genetik səviyyədə bakterioloji müayinələri aparılır. Son nəticədə 2017-ci ildə Bakı şəhərində vərəmlə ilkin xəstələnmələrin səviyyəsi keçmiş Sovetlər birliyinə daxil olan ölkələrdən 4-5 dəfə aşağıdır".

O, qeyd edib ki, Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarında uzun illər aparılan vərəm əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkəmizin digər bölgələrindən 4 dəfə aşağıdır:

"Ona görə də Yasamal və Nəsimi, eləcə də ölkənin digər bölgələri haqqında xəstəliyin yayılması barədə yayılan yalnış informasiyalar əsassızdır. Belə qərəzli informasiyalar uşaq, yeniyetmə və gənclərin müayinələrdən yayındırılmasına xidmət edir. Hər il digər bölgələrdə olduğu kimi Yasamal və Nəsimi rayonlarında yüz minlərlə uşaq və yeniyetmə vərəmə görə profilaktik müayinələrə cəlb olunur. Onlar arasında vərəmə yoluxma və xəstələnmənin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərindən qat-qat aşağıdır. Bizim ölkəmizdə vərəm xəstəliyinin epidemik vəziyyəti yoxdur və olada bilməz. Vərəm əleyhinə tədbirlərin yerinə yetirilməsinə Səhiyyə Nazirliyinin və Bakı Baş Səhiyyə İdarəsinin mövcud bölmələri daim nəzarət edirlər. Bu problem Səhiyyə Nazirliyinin daim nəzarətindədir".

Qeyd edək ki, son günlər "Whatsapp" mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə, eyni zamanda, ümumtəhsil müəssisəsində vərəmin sürətlə yayılması barəsində məlumatlar yayılır.

AzVision.az


Teqlər: Səhiyyə   Vərəm  





Xəbər lenti