“Korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən prioritet istiqamətidir” - Zakir Qaralov

“Korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən prioritet istiqamətidir” - Zakir Qaralov
  28 Sentyabr 2018    Oxunub:2118
Korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən prioritet istiqaməti olduğundan bu sahədə görülən işlərin səmərəliliyinin və effektivliyinin artırılması məsələlərinə xüsusi önəm verilir.
AzVision.az xəbər verir ki, bunu Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində yazıb.

Baş prokuror qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı ardıcıl iş aparılaraq, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən vasitələrin davamlılığının təmin edilməsi, korrupsiyanın qarşısının alınmasında daha səmərəli nəticə verə bilən yeni mexanizmlərin tətbiqi, preventiv təsirə malik üsul və metodlardan daha geniş istifadə edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, əhalinin dövlət orqanlarına inam və etimadının artırılması istiqamətində müvafiq tədbirlər görülüb.

"Korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarına inamın artmasının nəticəsi olaraq ötən ilin peşə bayramından bu günə qədər olan dövrdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşların 8604 müraciəti daxil olub ki, onlardan da 4102-si ərizə və şikayət, 4502-si isə "161-Qaynar xətt” əlaqə mərkəzi üzrə qəbul edilmiş müraciətlər olub. "161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən prokurorluğun səlahiyyətinə aid olan 306 müraciət üzrə Baş idarədə və prokurorluğun digər struktur qurumlarında araşdırma aparılıb, onlardan 15-i üzrə cinayət işi başlanılaraq istintaq edilib.

Həmin dövr ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət xarakterli material kimi baxılmış 279 müraciət və digər məlumatlardan 193-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Baş idarənin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə görülmüş tədbirlər nəticəsində onun işinin göstəriciləri daha da yaxşılaşmaqla qeyd olunan dövr ərzində qurumda ibtidai araşdırılması aparılan 566 cinayət işindən 348 şəxs barəsində 234 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün ittiham aktı ilə aidiyyəti məhkəmələrə göndərilib. Cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəblər və şərait aşkarlanaraq qabaqlayıcı və profilaktik tədbirlərin görülməsi təmin edilib".

AzVision.az


Teqlər: Baş-Prokurorluq   Zakir-Qaralov  





Xəbər lenti