"İlahiyyatçıların xarici dilləri bilməsi vacibdir"

"İlahiyyatçıların xarici dilləri bilməsi vacibdir"
  29 Sentyabr 2018    Oxunub:3164
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Beynəlxalq Tərcüməçilər Günü ilə bağlı “dəyirmi masa” keçirib.
Aİİ-dən AzVision.az-a verilən məlumata görə, tədbirdə bu ali təhsil ocağının rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov dövlət-din siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Aİİ-nin yaradılması dövlət-din siyasəti sahəsində atılan mühüm addımlardan biridir. Dini ədəbiyyatların, mənbələrin əksəriyyətinin ərəb, fars, ingilis və digər dillərdə olmasını nəzərə alsaq, ilahiyyatçıların xarici dilləri yaxşı bilmələri vacibdir. Bu səbəbdən Aİİ-də xarici dillərin öyrədilməsinə xüsusi diqqət yetirilir və bununla bağlı yaxın günlərdə dərslərdən əlavə ödənişsiz kurslar təşkil olunacaq. Dini tədris sahəsində dərs vəsaitləri Azərbaycan dilinə tərcümə edilərkən və onlara əsasən tədris aparılarkən, ilk növbədə, yerli şərait, ölkəmizdəki dövlət-din münasibətləri nəzərə alınmalıdır.

Azərbaycan Tərcümə Mərkəzinin elm və təhsil şöbəsinin dil mütəxəssisi Zahid Məmmədov son illər təmsil etdiyi qurumun dini tərcümə sahəsindəki fəaliyyətindən danışıb. Dövlətimizin başçısının bu sahəyə xüsusi diqqət yetirdiyini bildirən Z.Məmmədov tərcümə işinin spesifikası ilə bağlı məsələlərə aydınlıq gətirib. Vurğulanıb ki, hər hansı bir əsər dilimizə çevrilərkən onun mahiyyətinin düzgün çatdırılması əsas etalon olmalıdır.

Tərcümə işinin tarixinə nəzər salan İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi bu sahənin xalqımızın taleyində, mədəniyyətin, elm və təhsilin inkişafında xüsusi rolundan danışıb. Bildirilib ki, mədəniyyətlərin inteqrasiyası, elmi biliklərin mübadiləsi tərcümə sayəsində mümkündür. Ə.Farsi müvafiq sahədə İran Mədəniyyət Mərkəzinin gördüyü işlərdən danışıb, birgə fəaliyyətin mümkünlüyünü vurğulayıb.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qeyd edib ki, dini mənbələrin əksəriyyəti ərəb dilində olduğu üçün ilahiyyatçıların bu dili mükəmməl bilmələri vacibdir. Ölkələrimiz arasında tarixi bağlardan danışan Əhməd Sami Elaydi diqqətə çatdırıb ki, Misir arxivlərində Azərbaycana aid ərəb dilində çoxlu sayda mənbələr mövcuddur. Bu mənbələrin dilimizə çevrilməsinin ölkə elminə, tarixinə xüsusi töhfə verə biləcəyini vurğulayan mədəniyyət elçisi bununla bağlı təkliflərini səsləndirib, rəhbərlik etdiyi mərkəzin Aİİ ilə bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib.

Aİİ-nin beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Şəms Bağırova Beynəlxalq Tərçüməçilər Gününün tarixini, mahiyyətini əks etdirən təqdimatla çıxış edib.

Aİİ-nin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov, “İpək yolu” nəşriyyatının müdir müavini, Bakı İslam Universitetinin müəllimi, tarix elmləri doktoru Abbas Qurbanov, Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub və digərləri Azərbaycanda tərcümə işinin mövcud durumundan danışıblar. Bu sahənin təkmilləşdirilməsinin vacibliyini bildirən natiqlər dünyanın aparıcı ölkələrinin təcrübəsindən yararlanılmasının zəruriliyini vurğulayıblar. Qeyd olunub ki, dini ədəbiyyatların Azərbaycan dilinə tərcüməsi Aİİ-də İslam dininin və digər dinlərin dərindən tədrisi, həmçinin qədim əlyazmaların tədqiqi baxımından xüsusi önəm daşıyır.

AzVision.az


Teqlər:





Xəbər lenti