General Jaksılıkov Bakıda səfərdədir - FOTO

General Jaksılıkov Bakıda səfərdədir - FOTO
  29 Sentyabr 2018    Oxunub:3016
Sentyabrın 28-də Qazaxıstan daxili işlər orqanlarının vahid sisteminə daxil olan Qazaxıstan Respublikası Milli Qvardiyasının Baş Komandanı general-leytenant Ruslan Jaksılıkovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Əvvəlcə cənab R.Jaksılıkov və onu müşayiət edən şəxslər Fəxri Xiyabana gedərək xalqımızın Milli Lider Heydər Əliyevin məzarı önünə tər çiçəklər qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb.

Sonra nümayəndə heyəti Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksini ziyarət ediblər.



Həmin gün Azərbaycan Respublikasının daxili İşlər Naziri general-polkovnik Ramil Usubov general-leytenant Ruslan Jaksılıkovu qəbul edib.

Daha sonra Daxili Qoşunların Baş İdarəsində Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun general-leytenant Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.



Qonaqları salamlayan general-leytenant Ş.Məmmədov Qazaxıstan Milli Qvardiyası Baş Komandanlığı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasındakı əlaqələrdən və hərbi əməkdaşlıq münasibətlərinin inkişafından söz açıb, keçirilən belə görüşlərin əməkdaşlığımızın daha da genişlənəcəyinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Görüşdə hər iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyi yüksək qiymətləndirilib, belə əməkdaşlığın, təcrübə mübadiləsinin ölkələrimizin ümumi mənafelərinə xidmət etdiyi vurğulanıb. Qonaqlara qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, döyüş yolu və inkişafı barədə ətraflı məlumat verilib.



Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən general-leytenant R.Jaksılıkov öz növbəsində respublikamıza səfər etməsindən məmnunluğunu ifadə edərək iki ölkənin müvafiq qurumları arasında əlaqələri yüksək qiymətləndirib.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək səfər zamanı nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış şərait, o cümlədən Bakı şəhərində yerləşən “N” saylı hərbi hissə ilə tanış olacaq, sonra Qoşunların Təlim Mərkəzində xüsusi-taktiki təlimi izləyəcək, həmçinin, Heydər Əliyev Mərkəzini və paytaxtımızdakı digər tarixi, mədəniyyət abidələrini ziyarət edəcəklər.

AzVision.az


Teqlər: General  





Xəbər lenti