Kataloniyada qarşıdurma: 30-dan çox polis yaralanıb

  02 Oktyabr 2018    Oxunub : 1878
Kataloniyada qarşıdurma: 30-dan çox polis yaralanıb
Kataloniyanın İspaniyadan ayrılmasının tərəfdarlarının Barselonada keçirdiyi etiraz aksiyalarında Kataloniya Muxtariyyətinin “Mossos D`Esquadra” polis qüvvələrilə nümayişçilər arasında baş verən toqquşma nəticəsində 30-dan çox polis yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Kataloniya polisinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, gecə saatlarınadək davam edən aksiyaların sakinlərin gündəlik həyat şəraitinin axarına mane yaratmamasına və etirazçıların blokladığı mərkəzi küçələrin açılmasına çalışan polisə müqavimət göstərilib. Nəticədə 30-dan çox polis yaralanıb, bir neçə nümayişçi həbs olunub.

Xatırladaq ki, ötən gün Kataloniyanın İspaniyadan ayrılmasının tərəfdarları müstəqillik referendumunun ilk ildönümü münasibətilə səhər saatlarından etibarən etiraz aksiyası keçiriblər. Aksiya zamanı katalon separatçılarının “Respublikanı müdafiə komitələri” radikal təşkilatı Barselonadakı Jirona vağzalında dəmir yollarını bloklayaraq Fransaya gedən sürətli qatarların işini dayandırıblar. Etirazçılar həmçinin, Barselona və digər şəhərlərin mərkəzi küçələrini də bağlayaraq, nəqliyyatın hərəkətinə mane olublar.

Qeyd edək ki, 2017-ci ilin 1 oktyabrında Kataloniyada müstəqillik haqqında qanunsuz referendum keçirilib. 3 milyon katalonun iştirak etdiyi referendumda seçicilərin 90 faizi müstəqilliyin lehinə səs verib. 27 oktyabrda Kataloniya parlamenti müstəqillik haqqında qanun layihəsini rəsmən təsdiqləyib.

Nəticədə İspaniya mərkəzi hökuməti ölkə konstitusiyasının 155-ci maddəsini əsas tutaraq, Kataloniyanın idarəsini birbaşa Madridin nəzarətinə keçirib. Muxtar vilayətin o zamankı rəhbəri karlos Puçdemon isə İspaniyadan qaçaraq əvvəlcə Belçikada, daha sonra isə Almaniyada gizlənib. Hazırda onun ekstradisiyası ilə bağlı Madridlə Berlin arasında danışıqlar gedir.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Kataloniya   ispaniya