Gənclərin VIII Forumunun ilk zona toplantısı başlayıb

  02 Oktyabr 2018    Oxunub : 1218
Gənclərin VIII Forumunun ilk zona toplantısı başlayıb
Bu gün Gəncə şəhər Heydər Əliyev mərkəzində Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb.
Gənclər və idman nazirliyindən AzVision.az-a verilən xəbərə görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə şəhər icra başçısi Niyazi Bayramov, millət vəkili Şahin İsmayılov, dövlət rəsmiləri və ölkəmizin Qərb bölgəsində yerləşən 12 rayonun 800-ə yaxın ən fəal gənci iştirak edirdilər. "Azərbaycan Xalq Cümhuriyyəti ili"nin qeyd edildiyi dönəmdə Azərbaycan Gənclərinin növbəti Forumunun məhz AXC hökumətinin işə başladığı şəhərdə baş tutması rəmzi məna daşıyır.



Qeyd edək ki, ilk toplantının mövzusu - Azərbaycan gəncliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsidir. Gənclər və idman naziri Azad Rəhimov çıxışında deyib: “Bu gün bu zala ölkəmizin Qərb bölgəsində yerləşən 9 rayonun ən fəal gəncləri toplaşıb. Bu bölgəmizin təbiəti səfalı və zəngin, iqtisadiyyatı çoxşahəli, insanları savadlı, işgüzar, cəsarətli, ənənələri möhkəm və genişdir. Bir ay ərzində gənclərin müxtəlif maraqları, problemləri, ölkənin inkişafında rolu, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri və Strateji Yol Xəritələrinin icrasında iştirakı geniş müzakirə ediləcəkdir. Bu müzakirələrdə 2 mln 700 min Azərbaycan gəncini təmsil edən yüzlərlə nümayəndə iştirak edəcək.”



Nazir Azad Rəhimov Gənclər və İdman Nazirliyinin yeni nəslin vətənpərvərlik və vətəndaşlıq hisslərinin tərbiyəsini 3 istiqamətdə apardığını bildirdi. Nazir qeyd etdi ki, vətənpərvərlik 3 əsas hissin vəhdətidir: birincisi - xalqına, köklərə inam, onlara bağlılıq, ikincisi - xalqa, Vətənə hörmət və məhəbbət, onların qorunması üçün vicdan və mərdlik, və üçüncüsü - praktiki hərəkət. Daha sonra nazir çıxışında nazirliyin müxtəlif illərdə vətənpərvərlik sahəsində həyata keçiridiyi layihələrdən geniş şəkildə söz açdı. Nazir ölkə başçısı cənab İlham Əliyevin gənclərlə görüşlərində dəfələrlə müstəqilliyimizin qorunmasında məhz gənclərin əvəzsiz rolu olduğunu vurğuladığını diqqətə çatdırıb:



“Vətənpərvərliyi illərlə tərbiyə edirsən, onun nəticəsi isə bir an ərzində özünü göstərir. Mübariz İbrahimov, aprel döyüşçülərinin qəhrəmanlığı buna bariz nümunədir. Azərbaycan gənclərinin, bütün cəmiyyətin həmin günlər yüksək vətənpərvərlik ruhu da, onu göstərir ki, Azərbaycan gəncləri düzgün tərbiyə edilir, onlar layiqli vətəndaşdır.”

AzVision.az

Teqlər: Gəncə   Azad-Rəhimov