"Hamı dinləyir, millət vəkilinin sözü kəsilmir” - Əflatun Amaşov

  03 Oktyabr 2018    Oxunub : 1414
"Hamı dinləyir, millət vəkilinin sözü kəsilmir” - Əflatun Amaşov
“Milli Məclisdə istər plenar iclaslar, istərsə də komitə iclasları kifayət qədər açıq və şəffaf keçirilir. Mən hələ bu vaxta qədər hansısa deputatın sözünün kəsilməsinin şahidi olmamışam. Milli Məclis olduğu kimi ölkə ictimaiyyətinə təqdim olunmur”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Şura sədri qeyd edib ki, Milli Məclisdə millət vəkili istədiyi problemi qaldıra bilir və hamı bunu dinləyir, rəhbərlik tərəfindən etirazla qarşılanmır və millət vəkilinin sözü kəsilmir.

“Bütün bunlarla bağlı Azərbaycan cəmiyyətinə doğru informasiya vermək lazımdır. İstər sosial şəbəkələrdə, istər ayrı-ayrı müəlliflərin yazılarında Azərbaycan cəmiyyətinə Milli Məclislə bağlı dolğun məlumatlar çatdırılmır. İstərdim ki, Milli Məclis ilə Mətbuat Şurası arasında olan əməkdaşlıqdan istifadə edərək Azərbaycan mediası Milli Məclislə əlaqələri daha da möhkəmləndirsin. Milli Məclisin doğurdan da nəyə qadir olduğu Azərbaycan cəmiyyətinə çatdırılmalıdır”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Əflatun-Amaşov   Milli-Məclis