AXCP və Müsavat “Qarabağ mitinqi”nə niyə qatılmadı? - İfşaedici faktlar

  04 Oktyabr 2018    Oxunub : 3753
AXCP və Müsavat “Qarabağ mitinqi”nə niyə qatılmadı? - İfşaedici faktlar
Ötən həftə Bakıda “Qarabağa azadlıq” adı altında keçirilən mitinq müxalif düşərgədə yeni qalmaqala səbəb olub. Mitinqin təşkilatçıları ilə onların təklifinə dəstək verməyən radikalların qarşıdurması bir çox həqiqətləri üzə çıxarıb. Məlum olub ki, AXCP, Müsavat və Milli Şura adlı qurum öz tərəfdarlarının “Qarabağ mitinqi”nə qatılmasına icazə verməyib. Hətta mitinqin baş tutmaması üçün əllərindən gələni ediblər.
Mitinqin təşkilatçılarından olan jurnalist Əvəz Zeynallı "Facebook"da bildirib ki, müxalifətçi dostları onların “Qarabağa azadlıq” istəyinə qarşı çıxıb, vədlərinə əməl etməyiblər: “İqtidarın mitinq keçirmək üçün şərait yaratmasına baxmayaraq, müxalifətçi dostlarımız bizə qarşı çıxdılar. Bizim əleyhimizə sərt və səhv mövqe tutdular. Ona görə də ictimai qınaqla üz-üzə qalıblar”.

AXCP və Müsavat "Qarabağ mitinqi"nə niyə "yox" dedi?

Əldə etdiyimiz məlumata əsasən, mitinqdə AXCP və Müsavatın iştirak etməməsinin başlıca "səbəbi" Rəsul Quliyevin maliyyələşdirdiyi Gələcək Azərbaycan Partiyası (GAP) olub.

"Qarabağ komitəsin"dən məsələ ilə bağlı saytımıza bildirilib: “Müsavat başqanı Arif Hacılı deyib ki, Gələcək Azərbaycan Partiyası mitinqdə iştirak etməsə, biz qatılarıq. Buna cavab olaraq GAP sədri Ağasif Şakiroğlu söyləyib ki, Arif Hacılı mitinqə qatılmaqla bağlı bəyanat versə, onlar geri çəkilməyə hazırdırlar. Amma, Müsavat bunu etmədi”.

Hacılının GAP-la bağlı tələbi əslində, mitinqə qatılmamaq üçün bəhanə olub. “Mitinqə qatılmamaq üçün AXCP və Müsavat bəhanə axtarırdı. Kərimli mitinqə qatılmama səbəbini bunu “iqtidarın layihəsi” olması ilə ört-basdır etməyə çalışdı. Arif Hacılının bəhanəsi isə daha gülünc idi. Əslində məsələnin mahiyyətini Arif Hacılı açıqlayıb. Çünki hər iki partiya məhz GAP-ın komitədə iştirakına görə, mitinqə qatılmaqdan yayınıb. Ortaq fikrə gəlmək isə mümkünsüzdür”.

Digər bir maraqlı məqam mitinqin keçirilmə ərəfəsində yanaşıb. Meriyanın mitinqə icazə verməsindən sonra komitə çıxış edilməsi üçün tribuna axtarışına başlayıb. Bu məqsədlə Müsavat partiyasına müraciət edilib. Başqan Arif Hacılı ona edilən xahişləri yerə salaraq, Müsavatın tribunasını mitinq təşkilatçılarına verməyib. Bu azmış kimi yalan da danışıb.

“Arif Haclı söylədi ki, biz mitinqə qoşulmuruqsa, tribunamızı verməyimiz düzgün olmaz. Sonra birtəhər yola gətirdik. Tribunanı verməyə razılaşdılar. Amma vədlərinə əməl etmədilər. Bizi aldatdılar. Partiya başqanının müavini Razim Əmiraslanlıya Akif Nağı dəfələrlə zəng etsə də, telefonu qaldırmadı. Sonradan GAP sədrinin verdiyi 350 manatla tribunanı yığdırdıq”, - mitinqin təşkilatçıları etiraf deyiblər.

Bütün bunlar bir daha təsdiq edir ki, radikal müxalifətin fəaliyyəti yalnız şəxsi maraqlar, qrant hərisliyi üzərində qurulub.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: AXCP   Müsavat