Boş qalan deputat yerlərinə seçkilər keçirilə bilər

Boş qalan deputat yerlərinə seçkilər keçirilə bilər
  05 Oktyabr 2018    Oxunub:2100
“Parlamentin tərkibinin bütövlüklə buraxılmasından söhbət gedə bilməz. Hazırki Milli Məclis deputatlarının səlahiyyət müddəti 2020-ci ildə bitəcək".

AzVision.az xəbər verir ki, bunu deputat Zahid Oruc ilin sonunadək Milli Məclisin buraxılacağı ilə bağlı iddialara münasibət bildirərkən deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev parlamentin tərkibində çalışan insanlara böyük dəyər verərək onların hökumətdə təmsilçiliyinə şərait yaradıb.

"Bu baxımdan bir neçə deputatın mandatı ləğv edilib, digər deputat həmkarımız isə vəfat edib. Bu baxımdan 6 seçki dairəsi üzrə seçki keçirilməlidir. Ən yaxın müddətdə bunu gerçəkləşdirmək mümkündür. Mərkəzi Seçki Komissiyasının Milli Məclislə bu yöndə məsləhətləşmələr apararaq seçkini təşkil etməsi müsbət hal olardı. Müəyyən qüvvələr var ki, seçki prosesində iştirak etmək istəyirlər".



Z.Oruc qeyd edib ki, prezident seçkilərinə qatılmayan bəzi qüvvələr 6 seçki dairəsi üzrə keçirilən seçkilərdən şans kimi istifadə edə bilərlər: "Küçə meydanlarında mübarizə aparmaqdansa, seçki mübarizəsinə qatılmaqla mübarizə aparılması daha doğru yoldur. Həmin 6 dairə üzrə seçkiləri müxalifətçilər və yaxud da iqtidaryönlülərin qazanması parlamentin ümumi tərkibində qüvvələr nisbətini dəyişmir".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Parlament   Seçki   Zahid-Oruc  





Xəbər lenti