Bakıda lift faciəsinə görə bir nəfər tutuldu

Bakıda lift faciəsinə görə bir nəfər tutuldu
  05 Oktyabr 2018    Oxunub:2842
Bakı şəhər prokurorluğu liftin düşməsi nəticəsində xadimənin ölməsi ilə bağlı məlumat yayıb.
Bakı şəhər prokurorluğundan AzVision.az-a verilən məlumata görə, oktyabrın 4-də saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri Soltanməcid Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinanın 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Rayon prokurorluğunun və rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: Lift   Bakı  





Xəbər lenti