“Biz prezidentin əsgəriyik”-Çingiz Qənizadə

“Biz prezidentin əsgəriyik”-Çingiz Qənizadə
  05 Oktyabr 2018    Oxunub:1955
“Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Rusiya mətbuatına müsahibəsində Azərbaycan rəhbərliyini kompromis istəməməkdə günahlandırıb. O qeyd edib ki, Azərbaycan son zamanlar silahlanmağa, hərbi büdcəni artırmağa və müharibə təhlükəsinin artması ilə bağlı bəyanatlar verir. K.Zatulin bildirib ki, o və həmkarlarının məqsədi müharibənin başlanmasının qarşısını almaqdır”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə AzVision.az-a açıqlamasında bu məsələyə diqqət çəkərək deyib ki, sentyabrın 15-də Bakının işğaldan azad olunması ilə bağlı paytaxtımızda keçirilən hərbi paradda Azərbaycan ordusunun gücünü gördükdən sonra K.Zatulin və onun kimi ermənipərəst qüvvələr narahatlıq hissi keçiriblər:

“Zatulin müsahibəsində iddia edib ki, müharibə çağırışları ilə bağlı bizim rəqibimiz Azərbaycanın rəhbərliyi və siyasi dairələrdir. Mən Milli Məclisdə çıxış edərkən də bildirdim ki, Azərbaycanın siyasi dairələri Azərbaycan xalqı və ölkə rəhbərliyidir. Həmçinin qeyd etdim ki, bu gün parlamentdə Azərbaycan xalqı təmsil olunur. Parlamentdə bitərəflər və 10-dan çox siyasi partiyanın nümayəndələri var. K. Zatulin belə fikirlər formalaşdırmaqla həm Azərbaycan hakimiyyətinə və xalqına qarşı çıxmış olur. O həmçinin müsahibəsinə deyib ki, əgər müharibə başlasa Azərbaycan dövlətinin özü dağılacaq. Hesab edirəm ki, onun bu açıqlaması birbaşa olaraq Azərbaycan dövlətinə təhdiddir. Və biz bunu qətiyyətlə pisləyirik! Təbii ki, biz onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Amma o, Rusiya parlamentində təmsil olunduğuna görə, onun qeyri-ciddi fikirlərinə münasibətimizi bildirməliyik. O, bir həmkarımızın özünəməxsus fikirlərini əsas götürüb bunu Azərbaycan dövlətinin siyasəti kimi təqdim etməyə çalışıb. Milli Məclisdə təmsil olunan deputatların fikirləri onların şəxsi mövqeyidir”.

Çingiz Qənizadə bildirdi ki, Azərbaycanla Rusiya arasındakı dostluq və əməkdaşlığın daha da inkişaf etdirilməsi erməni lobbisini və onların təsiri altında olan ayrı-ayrı şəxsləri çox narahat edir.

“Bu baxımdan da onlar bu münasibətə, dostluğa, əməkdaşlığa kölgə salmaqdan ötəri əllərindən gələni etməyə hazırlaşırlar. Xüsusilə də son vaxtlar Rusiya prezidenti Vladimir Putin ilə cənab prezident İlham Əliyevin təkbətək görüşləri, qarşılıqlı səfərlər, razılaşmalar bu cür dairələri narahat edir. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi qeyd edirəm ki, bu cür dostluğun və əməkdaşlığın inkişafında maraqlıyıq. Və cənab prezident tərəfindən bu istiqamətdə aparılan işlərə müvvəffəqiyyətlər arzulayırıq.

Ç.Qənizadə qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri günü-gündən inkişaf edir.

“Həmçinin Rusiya ATƏT-in Minsk qrupunun üzvüdür. Bizə qonşu ölkədir. Mən deputat həmkarlarıma, siyasətçilərə, jurnalistlərə müraciət edirəm ki, bu cür məsələlərdə ehtiyatlı olsunlar. Bir hüquqşünas kimi qeyd edirəm ki, SSRİ dövründə baş verən hadisələri Rusiya ilə bağlamaq yanlışlıqdır. Biz demirik ki, 20 Yanvar hadisələrini Rusiya törədib. Deyirik ki, keçmiş SSRİ-nin o vaxtkı rəhbərliyi və sovet ordusu törədib. Biz bu cür məsələlərlə bağlı olduqca ayıq=sayıq olmalıyıq. Və dostluq münasibətləriinə kölgə salacaq hərəkətlərdən çəkinməliyik”.

Deputat daha sonra Zatulinin ermənilərə bağlı olmasına diqqət yetirib:

“ Zatulin 23 may 2010-cu ildə Dağlıq Qarabağda qondarma “parlament seçkiləri” keçirilərkən qanunsuz olaraq ora səfər edib. Müşahidəçi qismində orada iştirak edib. Bu da onun bitərəfliyini şübhə altına alır. Beynəlxalq hüququn subyekti olmayan bir ərazidə heç kim tərəfindən tanınmayan “seçkiləri” izləmək adı ilə Dağlıq Qarabağa səfər etməsi onun ermənipərəst mövqeyinin bariz nümunəsidir. Bununla da o, Azərbaycan XİN tərəfindən arzuolunmaz şəxslər sırasına salınıb. Üstəlik, o, Batumidə anadan olub və orada acarlara bərabər, çoxsaylı ermənilər də yaşayır. Şübhəsiz ki, onun ermənilərlə sıx əlaqəsi var. O, bütün fəaliyyəti boyu özünün ictimai-siyasi fəaliyyətini erməni lobbisinin təsiri və maliyyəsi ilə həyata keçirən biridir”.

Deputat deyib ki, bir neçə gün bundan öncə bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin Dağlıq Qarabağ adı altında mitinq keçirmək cəhdləri ilə əlaqədar jurnalist ona sual verib:

“Jurnalist sualında dedi ki, siz niyə mitinqə qatılmadınız, axı siz də xalq hərəkatının nümayəndələrindən birisiniz? Mənim cavabım isə jurnalistə qısa və konkret oldu. Dedim ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələni xalq olaraq səlahiyyəti və etibarı cənab prezidentə vermişik. Və bizim hər birimiz cənab prezidentin əsgəriyik. Əgər müharibə olacaqsa biz silahla, sülhlə Qarabağ azad olunacaqa gül-çiçəklə biz ora gedəcəyik”.

AzVision.az


Teqlər: Çingiz-Qənizadə  





Xəbər lenti