Naxçıvanlı gənclər Macarıstanda təhsil alacaqlar

Naxçıvanlı gənclər Macarıstanda təhsil alacaqlar
  06 Oktyabr 2018    Oxunub:1348
Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstan təhsil təqaüd proqramına seçimlər yekunlaşıb.
AzVision.az-ın məlumatına görə, Azərbaycanla Macarıstan arasında təhsil sahəsindəki uğurlu əməkdaşlığın nəticəsi olaraq 174 Azərbaycan vətəndaşı bu tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə edib. Onlardan 18-i doktorantura, 134-ü magistratura, 22-i isə bakalavriat səviyyələrində iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.

Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin tələbələri imtahandan uğurla keçərək Macarıstanda təhsil almaq imkanı qazanıblar. Belə ki, Naxçıvan Dövlət Universitetinin tələbəsi Elvin Nəcəfov Esterhazi Karoli Univeristetində, “Naxçıvan” Universitetinin tələbəsi Pərviz Babayev isə Peç Universitetində biznes və idarəetmə ixtisası üzrə magistr təhsili alacaqlar.

Qeyd edək ki, Macarıstan universitetlərinin təqdim etdiyi diplomlar dünyada yüksək nüfuza malikdir.Təhsil keyfiyyəti çox yüksək olan Macarıstan Avropada əcnəbi tələbələrin ən çox seçdiyi ölkələrdəndir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan   Təhsil   Macarıstan  





Xəbər lenti