Miqrasiya Xidməti “ASAN Radio” ilə yeni layihəyə start verir

Miqrasiya Xidməti “ASAN Radio” ilə yeni layihəyə start verir
  08 Oktyabr 2018    Oxunub:1591
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (DMX) və dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio – “ASAN Radio” birgə yeni layihəyə start verir.
DMX-dan AzVision.az-a verilən xəbərə görə, “Miqrasiya xidməti” adlanan verilişdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq miqrasiya qaydaları, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, qanunsuz miqrasiyaya qarşı mübarizə və sair məsələlərlə bağlı faydalı məlumatlar çatdırılacaq.

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ilə yanaşı ölkədə yaşayan əcnəbilər, əmək fəaliyyəti göstərən əməkçi miqrantlar da verilişdə qonaq olacaqlar.

Yeni layihə ilə bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “ASAN Radio”nun “QəbuldASAN” verilişində qonaq olarkən bildirib ki: “Biz marağındayıq ki, miqrasiya xidmətlərindən istifadə edən əcnəbi, eyni zamanda vətəndaşlarımız qanunvericilik, tətbiq olunan prosedurlar barədə məlumatlı olsunlar. Çünki bizim təhlillər də göstərir ki, əksər hallarda əcnəbilər sırf məlumatsızlıq səbəbindən miqrasiya qanunvericiliyinin tələblərini pozurlar. Bu səbəbdən müəyyən məsuliyyətə cəlb olunurlar. Bunu aradan qaldırmaq, onların özlərini daha əmin, məlumatlı hiss etmələri üçün belə bir layihəyə ehtiyac var. Hesab edirəm ki, bu veriliş DMX-nin fəaliyyəti ilə bağlı çox böyük dəyər yaradacaqdır və fürsətdən istifadə edib bu təşəbbüsə dəstək olduğunuz üçün “ASAN xidmət”in rəhbərliyinə və ASAN Radioya təşəkkürlər edirəm.”

Qeyd edək ki, “Miqrasiya xidməti” verilişini hər həftənin çərşənbə günü saat 11.05-də dinləyə bilərsiniz. Verilişdə vətəndaş sualları da qəbul ediləcək. Müraciət üçün əlaqə: 012-56-56-100 (şəhər), 070-65-56-100 (whatsapp)

AzVision.az


Teqlər: DMX   ASAN-Radio  





Xəbər lenti