Trampın namizədi Bakıya səfir gələcəkmi? - Politoloq şərhi

Trampın namizədi Bakıya səfir gələcəkmi? - Politoloq şərhi
  08 Oktyabr 2018    Oxunub:1941
ABŞ prezidenti Donald Trampın Azərbaycana səfir postuna namizəd kimi irəli sürdüyü Erl Litsenberqer Senatının xarici məsələlər komitəsində çıxışı ilə diqqət çəkib. Litsenberqer Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün ciddi səy göstərəcəyini vəd edib.
Namizəd qeyd edib ki, Cənubi Qafqazın çiçəklənən gələcəyi və təhlükəsizliyinin təmini üçün ən başlıca prioritet Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasıdır.

Litsenberqerin səfir postuna təyinatı hələlik sual altındadır. Onun namizədliyini Senat təsdiqləyərsə, fəaliyyətini Bakıda davam etdirəcək.

Sabiq diplomat, politoloq Fikrət Sadıqov AzVision.az-a bildirib ki, Erl Litsenberqerin müsbət ifadələri ümidvericidir:



“Səfirlərin əsas vəzifəsi ilk növbədə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması, bütün istiqamətlər üzrə inkişaf etdirilməsinə kömək etmək, eyni zamanda çalışdığı ölkədə baş verənləri təhlil edib, öz ölkəsinə çatdırmaqdır. Onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət ifadələri ümidvericidir. Biz çox istərdik ki, Litsenberqer bu məsələ ilə yaxından məşğul olsun. Vəziyyəti dərindən öyrənsin, beynəlxalq hüquq normalarına əsasən bizə müəyyən yardımlar və kömək etsin. Lakin digər reallıq budur ki, ATƏT-in Minsk qrupunda amerikalı həmsədr bu məsələ ilə məşğul olur. Əsas məsələ odur ki, yeni səfir Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərsin. Təyin olunacaq səfir bu məsələyə öz töhfəsini verərsə, gücünü, səylərini bu istiqamətə yönəldərsə, ümidverici addım olar. Biz bunu hər zaman alqışlamağa hazırıq”.



Politoloq qeyd edib ki, diplomatlar həmişə öz dövlətlərinin mövqeyini ifadə edirlər: “Səfirlər bir qayda olaraq dövlətlərin siyasətini əks etdirir və həyata keçirirlər. Səfirliyə namizəd Litsenberqer də öz ölkəsinin mövqeyini ifadə edib. Onlar faktiki olaraq diplomatik səviyyədə ümidverici ifadələr işlədirlər. Müsbət formatda müxtəlif bəyanatlar verirlər. Ona görə də indidən konkret fikir söyləmək çətindir. Ancaq, Litsenberqerin mövqeyi ümidvericidir”.

"Mövqeyindən yana Litsenberqerin təsdiq olunmasına əngəllər törədilə bilərmi" sualına sabiq diplomat belə cavab verib: “Səfirin təsdiq olunmasında əngəllər olmamalıdır. Çünki Konqresdə tanınan şəxsdir. Heç bir irad yoxdur. Əgər vaxtilə Metyu Brayzaya qarşı müxtəlif iradlar edilirdisə, yeni səfir namizədinə heç bir irad yoxdur. Ona görə ABŞ-ı Azərbaycanda təmsil etməsinə şübhə ilə yanaşılmamlıdır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ABŞ   Səfir   Namizəd   Politoloq  





Xəbər lenti