Həm təmiz, həm də ucuz - Bal yarmarkasından REPORTAJ

Həm təmiz, həm də ucuz - Bal yarmarkasından REPORTAJ
  08 Oktyabr 2018    Oxunub:20915
“Bal qızım, bal oğlum, bal balam...”

Adətən analar kiçik yaşlı övladlarını bu cür əzizləyirlər. Elə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan arıçılıq məhsullarının sərgi-satış yarmarkasına gələn arıçılar kimi.
İl ərzində o dağ sənin, bu çiçək mənim deyib, arılarını gəzdirən bu insanlar da ballarını xüsusi sevgi ilə piştaxtalara düzüb, təriflər yağıdırırdılar. Vay o gündən ki, birinin piştaxtasındakı bala nəzər yetirəsən, əlinə bir qaşıq götürüb: "Almasan da, bunun dadına bax, o dağ qalmayıb ki, arılarımı gəzdirməyim” deyirdilər.

Bir sözlə, il ərzində çəkdikləri əziyyətin bəhrəsini görmək üçün bal kimi dillərini işə salmışdılar.



Dadı gözəl, rəngi gözəl, iyi gözəl, bəs qiyməti necə, cibimizə uyğundurmu deyib, satıcılara yaxınlaşdıq.

Söhbət əsnasında öyrəndik ki, Azərbaycanın müxtəlif bölgələrindən gətirilən bu balları şanları ilə birgə və ya onlarsız 25- 30, 35-40 manata almaq olar. Qiymətlər balın növündən asılı olaraq dəyişir.



Satıcı Elvin Bayramlı deyir ki, dağ ballarının qiyməti nisbətən Aran ballarından yüksək olur.

“Qiymətlər adətən 25-30 manat arası dəyişir. Çox alana endirim edirik. Şabalıd balını isə 36 manata satırıq”.

Bazara Ağstafadan 400 kiloqram bal gətirən arıçının dediyinə görə, bu il bəzi bölgələrdə bal vermə aşağı səviyyədə olub.



“Azərbaycanın ən böyük bal verən bölgəsi Şəki–Zaqatala iqtisadi rayonudur. Orada Cökə balı xüsusi ilə çox az oldu. Aran, Kürqırağı və Cənub rayonlarda isə nisbətən normal balçılıq müşahidə edildi. Gəncə-Qazaxda da isə bundan da yaxşı ola bilərdi“.



E. Bayramlı balın xarlamasından söz açıb: “Azərbaycanda xarlanmış bala münasibət dəyişməlidir. Bal təmiz olsa belə, bir zamandan sonra xarlayacaq. Müştərilər arıçını məcbur edir ki, balı isti suya qoysun və bal açılsın. Bal açılanda isə kefiyyəti düşür. İstənilən halda xarlı balı yeməyi öyrənməliyik. Bal xarlanırsa, bu, o demək deyil ki, saxtadır”.



Satıcının sözlərinə görə, bəzən müştərilər onu özündən çıxarmağı bacarırlar: “Elə adam olur ki, balı aparıb evdə qaynadır və gəlir ki, qaynatdım, kristallaşdı. Bu cür adamlara deyirəm, bunu sizə kim öyrədib, o adamı gətirin aparıb polisə verək. Bunlar insanları aldatmaqla məşğuldurlar. Kiminsə sözünə aldanıb, mənim məhsuluma mənfi rəy yaradanda çox acıdil oluram. Əqrəb kimi”.



Ağız sulandıran məhsullardan biri də pətəyin üzərindəki arı qaymağıdır. Min bir dərdin dərmanı olan qaymağın qiyməti 35 manatdan başlayr.

Satıcılarla söhbətə davam edib piştaxtalarda gözoxşayan digər məhsulların qiymətləri ilə maraqlandıq.



Arıçılıq məhsullarından hazırlanmış kremlər 5 -10 manat, mumlar 1-2 manat, vərəmumun bir qramı ilə 20-30 qəpiyə alıcılara təklif olunur. Çiçək tozunun 100 qramı isə 7-8 manatdır.



Arıçılar müştəri cəlb etmək üçün zarafatlarından da qalmırdılar: “Balı ayının əlindən iştahla yediyi yerdə alıb gətirmişəm. İndi özünüz düşünün ki, bu balın dadı necədir”.

Yarmarkaya çıxarılan arıçılıq məhsulları bazar və mağazalarla müqayisədə nisbətən ucuz, həm də keyfiyyətlidir. Burada müştərilərə təklif olunan məhsulların keyfiyyəti yoxlanıldıqdan sonra satışına icazə verilir.














Şahanə Rəhimli
Foto: Şahin Sərdarov

AzVision.az


Teqlər:





Xəbər lenti